"50 günlük müddətin irəli sürülməsi Rusiyaya təzyiqin gücləndirilməsinə xidmət edir".
Politoloq Züriyə Qarayeva News365.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Rusiya ilə atəşkəs üçün 50 günlük vaxt müəyyən etməsi bir növ “gövdə nümayişi” kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, bu addım vasitəsilə ABŞ Avropanı da prosesə daha fəal şəkildə cəlb etmək və təzyiq mexanizmlərini işə salmaq niyyətindədir:
“Bu, təkcə Rusiya ilə bağlı deyil, paralel olaraq Avropa ölkələrinin də mövqelərini sərtləşdirməyə sövq etməkdir. Artıq Avropa İttifaqında 18-ci sanksiya paketi müzakirə olunur. ABŞ tərəfindən də əlavə təzyiqlərin olacağı açıq şəkildə dilə gətirilir. Bu isə Rusiyanın iqtisadi və siyasi blokadasının ciddi şəkildə gücləndirilməsi deməkdir.”
Qarayeva qeyd edib ki, belə təzyiq şəraitində Rusiya Ukraynaya qarşı müharibəni əvvəlki tempdə davam etdirməyə bilər. Onun fikrincə, Trampın hakimiyyətə gəlişi zaman-zaman Rusiya yönlü lider kimi təqdim olunsa da, bu daha çox görüntü xarakteri daşıyırdı:
“Trampın strategiyası ABŞ xərclərini azaltmaq və daha çox məsuliyyəti Avropa ölkələrinin üzərinə yönəltmək idi. Bu məqsədə nail olduqdan sonra isə Ukraynanın müdafiə potensialının artırılmasına fokuslanacaq. Trampın şəxsi mövqeyindən asılı olmayaraq, ABŞ-ın əsas strategiyası Rusiyanı zəiflətməkdir.”
Politoloq hesab edir ki, 50 günlük müddətin irəli sürülməsi Vaşinqtonun təzyiq alətlərini daha da gücləndirməyə və Rusiyanı geri addım atmağa məcbur etməyə yönəlib:
“ABŞ bu münaqişədə birbaşa tərəfdir və onun əsas məqsədi Rusiyanı zəiflətməkdir. İrəli sürülən 50 günlük zaman çərçivəsi də bu strategiyanın tərkib hissəsidir,” – deyə politoloq vurğulayıb.