Ekoloq: “Yağışın ziyanı yoxdur, əksinə...”

Ekoloq: “Yağışın ziyanı yoxdur, əksinə...”
16 Apr 2025 17:48

Dünəndən başlayaraq ölkə ərazində qeyri-sabit hava şəraiti müşahidə olunur. Bəzi bölgələrə qar yağıb, Bakıda isə güclü külək və yağışlı hava mövcuddur.

Havanın belə olması bir çox insana çətinlik yaradır. Bununla yanaşı, yaz fəslində belə bir havanın olmasını təəcüblə qarşılayanlar da var. Bəzi fikirlərə görə apreldə belə hava ekoloji problemin göstəricisidir.

Bəs bu həqiqətən də belədir?

News365.az mövzuyla bağlı ekoloq Qorxmaz İbrahimlinin fikirlərini öyrənib. Ekoloqun sözlərinə görə hazırda baş verən yağıntı normaldır, aprelə, Şimal yarımkürəsində Azərbaycanın yerləşdiyi mülayim, subtropik qurşağa xas hava kütlələridir:

"Qış fəslindən yaza keçid dövründə dağlara qar yağa bilər. Dağətəyi bölgələrə qar, Bakıya da sulu qar yağıb. Bu, normaldır. Bəzən isə  bir günün yağıntısı aylıq normanı keçir. Bu isə qlobal istiləşmə, daxil olan hava kütlələri ilə bağlıdır. Aprel  hər il belə keçir, hətta bir neçə il öncə qar yağdı, məhsullar ziyan oldu". 

Qorxmaz İbrahimli deyir ki, yağışın ziyanı yoxdur, subasmaların səbəbi isə infrastrukturun düzgün qurulmamasıdır.

"Bakı şəhərinin infrastrukturu düz qurulmadığı üçün yolları, keçidləri su basıb, bu da kanalizasiya sisteminin düzgün olmamasından asılıdır.  

Dağlara qarın yağması, böyük problem deyil. O  çəmənliklərdə otun inkişafına zərər verə bilər, bu isə hiss olunacaq ziyan deyil. Su ehtiyatı baxımından isə qarın yağmasının xeyri var, yağış isə çaylarda gursululuq yaradır".


Sizin reklam burada
Sizin reklam burada