14 fərqli ölkədən arıçılar Bakıya gəldi

14 fərqli ölkədən arıçılar Bakıya gəldi
01 Fev 2025 21:59

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən arıçılıq qurumlarının təşkilatçılığı ilə “I Api Avrasiya Arıçılıq Konqresi” Bakıda keçirilib.


News365.az xəbər verir ki, Konqresə Azərbaycan və Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Şimali Makedoniya, Ukrayna, ABŞ, Cənubi Koreya, İran, Rusiya Federasiyası və digər ölkələrdən olmaqla ümumilikdə 14 ölkədən 200-dən çox peşəkar arıçı, alim, arıçılıq qurumlarının nümayəndələri və iş adamları qatılıb.


Tədbirin açılışında Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Arıçılar Birliyinin sədri Bədrəddin Həsənov, TİKA Bakı Proqram Koordinatoru Həyrəddin Özçelik, Api Avrasiya Birliyinin Baş Katibi Anıl Ergin və Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov çıxış ediblər.


KOBİA sədri Orxan Məmmədov çıxışında arıçılığın yalnız kənd təsərrüfatı və heyvandarlığın bir sahəsi kimi deyil, yaşıl iqtisadiyyat və ekoloji tarazlığın qorunması baxımından həyati əhəmiyyətə malik bir sahə olduğunu vurğulayıb.


TİKA Bakı Proqram Koordinatoru Həyrəddin Özçelik, Azərbaycanın müxtəlif iqlim qurşaqları və məhsuldar torpaqları ilə strateji əhəmiyyətə malik olduğunu, arıçılıq sahəsində böyük potensiala sahib olduğunu qeyd edib. O, TİKA-nın 2008-ci ildən bəri Azərbaycanda arıçılığın inkişafına yönəlmiş bir sıra layihələr həyata keçirdiyini və bu sahəyə dəstəyin davam etdiriləcəyini bildirib. Bundan əlavə, Bosniya, Monteneqro, Şimali Makedoniya, Gürcüstan və Afrika ölkələri də daxil olmaqla, dünyanın müxtəlif bölgələrində arıçılıq layihələrinin uğurla icra edildiyini vurğulayıb. Özçelik TİKA-nın beynəlxalq arıçıları bir araya gətirərək onların bilik və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini qeyd edib.


Konqresdə Türkiyədən Karadeniz Texniki Universitetinin müəllimi Prof. Dr. Sevgi Kolaylı, arıçılıq məhsullarının keyfiyyət və təhlükəsizlik standartları, həmçinin beynəlxalq bazarlara çıxış imkanları haqqında təqdimat edib.


Ukraynalı arıçılıq mütəxəssisi Vladimir Malihin, ana arı yetişdirilməsi sahəsində ənənəvi və yeni metodlar haqqında təcrübələrini iştirakçılarla bölüşüb.


ABŞ-dan konqresə qatılan arıçılıq eksperti Dr. Dan Aurell, arı xəstəlikləri və onlarla mübarizə üsulları haqqında geniş təqdimat edib.


Gürcüstan, Şimali Makedoniya, İran, Rusiya, Cənubi Koreya və Türkiyədən olan mütəxəssislər arıçılıq, bal istehsalı, arı xəstəlikləri və digər mövzularda təqdimatlar keçiriblər.


Azərbaycan Arıçılar Birliyinin sədri Bədrəddin Həsənov dünyanın müxtəlif ölkələrindən arıçılıq sahəsində mütəxəssis və alimlərin bilik və təcrübələrini paylaşmasına şərait yaradan bu tədbirin təşkilinə görə TİKA-ya minnətdarlığını ifadə edib.