Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı konkret tarixin açıqlanmasını istəyib.
News365.az xəbər verir ki, bu barədə o, “X”də paylaşım edib.
“Mənə konkret tarix lazımdır. Əgər Amerika, Rusiya - məhz Putin, Ukraynanın prezidenti olaraq - mən və Avropa tərəfindən imzalanan razılaşmada tarix olmasa, Rusiya bu prosesi bloklamaq üçün hər şeyi edəcək. Hətta özü deyil, Avropadakı bəzi nümayəndələri vasitəsilə bunu edəcək. Biz artıq belə vəziyyətlərin şahidi olmuşuq”, - Ukrayna lideri yazıb.
O, söhbətin ölkəsi üçün təhlükəsizlik zəmanətlərindən getdiyini, bunun üçün konkret tarixin göstərilməsini istəyib: “Bizim üçün Aİ konkretlik deməkdir, çünki söhbət Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən gedir. Bunlar konkret tarixi olan konkret detallardır. Mənim müharibənin dayandırılması ilə bağlı 20 bənddən ibarət planın altındakı imzam ukraynalılara üzvlüyümüz üçün konkret tarixin müəyyən ediləcəyi ilə bağlı zəmanət verməlidir”.
Macarıstanın Baş naziri Viktor Orban isə Zelenskinin bu paylaşımına reaksiya verib.
“Siz səhv yoldasınız. Aİ-yə üzvlük xidmətə əsaslanan prosesdir. Şərtləri namizəd ölkələr deyil, üzv dövlətlər müəyyən edir”, - Orban bildirib. (Qafqazinfo)