Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Azərbaycanda əmək qanunvericiliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Onlardan bir qismi Əmək Məcəlləsinə dəyişikliklər, bəziləri isə yeni aktlar kimi təklif olunur.
Digər profil qurumlarla razılaşdırmaqda olan qanun layihələrindən biri də “Qeyri-dövlət (özəl) pensiya fondarı” ilə bağlıdır. Özəl pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Deputat Vüqar Bayramov bu barədə sosial media hesabında yazıb.
Bəs özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq? Deputat qeyd edib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər: “Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Bu da, təbii ki, pensiya məbləğinin artmasına gətirib çıxarır. Bu kontekstdən, oxşar praktikanın Azərbaycanda tətbiq edilməsinə ehtiyac var idi. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman iki mənbədən pensiya ala biləcək. Məsələn, əgər onun pensiya məbləği 600 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, 300 manat almaq imkanı qazanacaq”.
Onun bildirdiyinə görə, bu nümunədə, vətəndaş 600 manat deyil, 900 manat pensiya ala biləcək: “Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq. Özəl pensiya fondlarının digər səciyyəvi xüsusiyyəti həmin fondda yığılan pensiya kapitalından daha tez istifadə imkanıdır. Əksər dövlətlərdə özəl fondlarda yığılan kapitaldan pensiya yaşından əvvəl istifadə imkanları var”.
Qeyd edək ki, Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir. Sığorta bazarındakı mənbələrin APA-ya bildirdiyinə görə, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyəti qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir. Bildirilib ki, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70 faizi civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.
Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.
Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3 faizi civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.
Özəl pensiya fondu ilə bağlı bir sıra mühüm məqamlar var. Bunlardan biri həmin fonda toplanacaq vəsaitin mənbəyi barədədir. Özəl pensiya fondu təcrübəsi tətbiq olunan ölkələrdə adətən ödənişlər rəsmiləşən əməkhaqqından həyata keçirilir. Azərbaycanda belə ödənişlərin yalnız əmək haqqına bağlanması ödəniş imkanlarını məhdudlaşdıracaq. Belə ki, əvvəla, ölkədə əməkhaqqının real məbləğinin rəsmiləşdirilməməsi halları kifayət qədər çoxdur. Özəl sektorda geniş təşəkkül tapan bu təcrübəyə əsasən işçinin maaşı əksər hallarda yalnız minimum əməkhaqqı məbləğində rəsmiləşdirilir, qalan hissə isə nağd formada ödənilir. Bu, bilavasitə əməkhaqqından ödənilən sosial sığorta haqlarından yayınmaq məqsədi daşıyır. Mövcud iş yerlərinin tələbatdan kəskin aşağı olduğu bir şəraitdə işçilər bu şərtlə razılaşmalı olurlar. Ötən illərdə açıqlanan məlumatlardan aydın olur ki, ölkə üzrə 1,7 milyon rəsmi əmək müqaviləsi ilə işləyən şəxslərin təxminən 400-450 min nəfəri minimum əməkhaqqından aşağı, yaxud ona bərabər maaş alırlar. Aydın məsələdir ki, bu, kağız üzərində belədir, demək olar ki, heç kim bu ilin yanvarından 400 manata çatdırılan minimum əməkhaqqına işləmir. Sadəcə, sahibkarlar vergi və social ödənişlərdən yayınmaq üçün maaş məbləğini bu həddə rəsmiləşdirirlər. Belə bir şəraitdə özəl pensiya fonduna ödəniş vətəndaşın əməkhaqqı gəlirinə əsasən müəyyənləşərsə, ona yığımlar gözlənildiyi qədər olmaya bilər.
Özəl pensiya fonduna ödənişin əməkhaqqına bağlanması başqa bir məsələni gündəmə gətirir. Azərbaycanda əmək qabiliyyətli əhalinin sayı 5 milyon nəfərdən yuxarı olsa da, 2025-ci il mayın 1-nə onlardan yalnız 1 milyon 771,7 min nəfəri rəsmi əmək müqaviləsinə malik olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən onlardan 876,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Muzdla işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində çalışır.
Nəzərə alsaq ki, ötən ilin eyni dövründə ölkə iqtisadiyyatının dövlət sektorunda 897,0 min nəfər, özəl sektorda isə 852,7 min nəfər işləyib, onda görərik ki, bir ildə dövlət sektorunda çalışanlar 221,3 min nəfər azalıbı, özəl sektorda isə 42,7 min nəfər artıb. Bu dəyişiklik muzdlu işçilərin sahələr üzrə bölgüsündə də əskini tapıb. Belə ki, öən il muzdla işləyənlərin 19,0 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub. Yəni təhsil, sosial müdafiə, sosial təminat dövlət idarəetməsi və sair dövlətin payı həlledici olan sahələrdə işçi sayı azalıb. Bu azalma həm də əmək haqqı tam rəsmiləşən şəxslərin sayının azalması deməkdir.
Başqa bir problemli məsələ torpaq payı olduğuna görə kənd təsərrüfatında məşğul kimi qeyd olunan 1,5 milyona yaxın şəxsin özəl pensiya fonduna ödənişi məsələsidir. Məlumdur ki, onlar faktiki olaraq işləməsələr də, rəsmi statistikada məşğul əhali kimi qeydə alınırlar. Lakin onların nə rəsmi əmək müqaviləsi, nə də sosial ödənişləri həyata keçirilmir. Bu şəxslərin özəl pensiya fonduna ödənişlərinin tənzimlənməsi üçün xüsusi halın müəyyənləşməsi lazım gələcək.
Bir sözlə, əgər özəl pensiya fonduna ödənişlər rəsmi gəlirlərə bağlanacaqsa, böyük uğur gözləməyə dəyməyəcək. Nəzərə almaq lazımdır ki, Dövlət Sosial Müdafiə Fondunün özü xərclərini qarşılamaq üçün dövlət büdcəsindən böyük məbləğdə transfert almağa davam edir. Açıqlanan büdcə göstəricilərinə əsasən Fondun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün 7 milyard 676 milyon manat nəzərdə tutulur. Bunun 7 milyard 617 milyon manatlıq hissəsini fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir.
Fondun 2025-ci il üçün gəlirlərinin 78,1 faizinin və ya 5 milyard 997 milyon manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları hesabına formalaşacağı proqnozlaşdırılır. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1 faizi qeyri-büdcə sektorunun, 33,9 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Dövlət büdcəsindən DSMF-yə transfertin 1,6 milyard manata bərabər olacağı proqnozlaşdırılır.
Başqa bir məsələ özəl pensiya fondlarına xaricdə yatırım imkanının yaradılıb-yaradılmayacağıdır. Azərbaycanda real sektorun zəif inkişafı fonunda özəl pensiya fondlarının uğurlu yatırım edib, topladıqları vəsaitləri ən azı inflyasiya səviyyəsində indeksasiya etmələri mümkün deyil. Belə yatırım imkanı xarici bazarlarda daha genişdir. Lakin bu bazarlara çıxmaq üçün peşəkar komandaların olması son dərəcə vacibdir. Bu isə özəl pensiya fondu yaradacaq qurumlara sərt tələblərin qoyulması, onların fəaliyyətinə keyfiyyətli nəzarət mexanizminin formalaşdırılmasını tələb edir.
Onu da qeyd edək ki, özəl pensiya fondunu əhali üçün maraqlı edəcək əsas amil ödəyən şəxs vəfat etdiyi halda ödənilən vəsaitin geri qaytarılması imkanının olmasıdır. Məlumdur ki, DSMF-yə ödənişlər sığortaolunan vəfat etdikdə onun ailəsinə, yaxud hüquqi varislərinə qaytarılmır. Bu, xüsusilə son illərdə vətəndaşların ciddi narazılığına səbəb olsa da, dövlət bu sahədə hər hansı dəyişikliyi qəbul etmir...