Yeni il, köhnə adət: Qiymət artımları niyə həmişə ilin sonunda edilir?

Yeni il, köhnə adət: Qiymət artımları niyə həmişə ilin sonunda edilir?
06 Yan 2026 13:41

İllər dəyişir, təqvimlər yenilənir, amma bir “ənənə” var ki, dəyişmir. Yeni il gəlməzdən bir gün əvvəl və ya elə yeni ilin ilk səhərində xalq eyni xəbərlə oyanır: qazın işığın qiyməti artıb, su, benzinin qiyməti yenə bahalaşıb. Sanki yeni il bizə bayram yox, bahalaşma hədiyyəsi gətirir.

Bu sual artıq adi vətəndaşın yox, bütöv cəmiyyətin sualına çevrilib: Niyə qiymət artımları məhz ilin sonunda və ya yeni ilin ilk günü edilir? Niyə bu qərarlar ilin ortasında yox, insanların ən həssas, ən xərcli dövründə açıqlanır?

Cavab, əslində, hamıya məlumdur, sadəcə açıq demək istəmirik. İlin sonu hesabat dövrüdür.

Köhnə qiymətlər “keçmiş ilin statistikası”nda qalır, yeni bahalaşmalar isə “yeni ilin zərurəti” adı altında təqdim olunur.

Yeni il isə psixoloji baxımdan ən uyğun zamandır. İnsanlar bayram ab-havasındadır, ailə qayğıları, süfrə hazırlığı, yol xərcləri var.

Beləliklə, inflyasiya göstəriciləri kağız üzərində nisbətən “sabit” görünür, real həyat isə bahalaşmağa davam edir.

Ən ağrılı məqam isə odur ki, bu artımlar əməkhaqqı və pensiya artımları ilə sinxron getmir. Maaşlar aylarla, illərlə yerində sayır, amma qazın, işığın qiyməti yeni ili “qaçırmır”. Vətəndaşın gəliri sabit qalır, xərcləri isə avtomatik artır. Bu, sadəcə iqtisadi məsələ yox, sosial ədalət problemidir.

Rəsmi açıqlamalarda isə eyni arqumentlər təkrarlanır: “dünya bazarları”, “xərclərin artması”, “qaçılmaz qərar”. Amma nədənsə bu “qaçılmazlıq” həmişə təqvimdə eyni günlərə düşür. Elə bil bahalaşmanın da öz bayramı var — Yeni il.

Əgər bahalaşma zəruridirsə, niyə şəffaf müzakirə olunmur? Niyə əvvəlcədən ictimaiyyətə izah edilmir? Niyə mərhələli, daha yumşaq mexanizmlər tətbiq edilmir? Bu suallar cavabsız qalır.

Yeni il ümid, yenilənmə və rahat nəfəs alma vaxtı olmalıdır. Amma bizdə yeni il çoxdan “bahalaşma mövsümü”nə çevrilib. İnsanlar artıq təbriklərdən əvvəl qiymət siyahılarına baxır.

Bəlkə də problem bahalaşmaların olmasında yox, onların həmişə eyni vaxtda, eyni üsulla və eyni biganəliklə edilməsindədir. Yeni il gəlir, amma dəyişən yalnız qiymətlər olur. Köhnə yanaşmalar isə olduğu kimi qalır.


Sizin reklam burada
Sizin reklam burada