"Yeni dünya düzəni Yaxın Şərqdən başlayır"- Anar Əliyev

"Yeni dünya düzəni Yaxın Şərqdən başlayır"- Anar Əliyev
17 İyl 2025 16:35

Dünyada formalaşmaqda olan yeni siyasi düzənin ilkin mərhələsi Yaxın və Orta Şərqdən başlayır.

Bu fikri politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu bölgəyə sahib çıxan güc, qlobal hegemonluq uğrunda həlledici üstünlük əldə edəcək.

Anar Əliyev qeyd edib ki, Suriyada baş verən hadisələr, xüsusilə də son dövrlərdə – ötən ilin noyabr və dekabr aylarında yaşanan siyasi dəyişikliklər, yeni hökumətin formalaşdırılması və Türkiyənin dəstək verdiyi qüvvələrin hakimiyyətə gəlməsi bölgədə yeni reallıq yaradıb.

Politoloqun sözlərinə görə, Suriya xalqının maraqlarına uyğun şəkildə həyata keçirilən bu dəyişikliklər müəyyən mənada ölkənin bərpası, sabitliyin bərqərar olunması istiqamətində mühüm addımlardır. Lakin bu proseslər nə İsrailin, nə ABŞ-nin, nə də digər Qərb ölkələrinin maraqlarına uyğun gəlir. Hətta Rusiyanın da Suriyadakı mövcud maraqları ilə ziddiyyət təşkil edir.

"ABŞ Suriyada nə Türkiyə, nə İran, nə də Ərəb dünyası ilə birbaşa qarşıdurmaya getmək istəmir. Eyni zamanda Rusiyanın Suriyada təsir imkanları da əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə zəifləyib," – deyə politoloq bildirib.

Anar Əliyev qeyd edib ki, bu gün Suriyada yeni formalaşan siyasi mənzərə daha çox yerli güclərin təşəbbüsü ilə yaranıb və kənar qüvvələrin istəklərindən kənardadır. Bu isə bölgədə maraqları olan beynəlxalq oyunçular üçün narahatlıq doğurur.

Politoloq vurğulayıb ki, yaxın və orta şərqdə baş verən dəyişikliklər daha böyük mənada yeni dünya düzəninin əsaslarını formalaşdırır və bu proseslərin nəticələri qlobal miqyasda təsir doğura bilər.


Sizin reklam burada
Sizin reklam burada