Xəbər
verdiyimiz kimi ötən gün Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə
Afrikada, Eritreya sahillərində girov götürülməsi bağlı xəbərlər yayılıb.
Lakin
yayılan xəbərlərdə gəminin konkret hansı quruma aid olduğu təsdiqini tapmayıb.
News365.az xəbər
verir ki, məsələ ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi
mətbuat xidmətinin rəhbəri Mehman
Mehdiyev məlumat yayıb.
Məlumatda deyilir:
“Dünən
Afrika qitəsində gəmi saxlanılması ilə bağlı yayılan xəbərlər bir daha göstərdi
ki, bəzi hallarda xəbərlərin vizual müşayiəti zamanı diqqətsizliklər baş verir.
Saxlanılan gəmi ASCO-ya aid olmadığı halda, təəssüf ki, bəzi media orqanları xəbər
mətnlərinə Xəzərdə üzən ASCO gəmilərinin fotolarını əlavə etdilər.
İlk növbədə
deyim ki, belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq
mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq
yaradır.
Elə bunu nəzərə
alıb xəbəri yayan ilkin mənbə ilə əlaqə saxladım və çox sağ olsunlar, məsələni
anlayışla qarşılayaraq fotonu dəyişdilər. Lakin xəbər artıq bir çox saytlar tərəfindən
tirajlandığı üçün hər biri ilə eyni anda əlaqə saxlamaq mümkün olmadı.
Bu, təəssüf
ki, birinci hal deyil. Hər dəfə gəmilərlə bağlı bir hadisə baş verdikdə, bəzi
media nümayəndələri internetdən tapdıqları
fotoları heç bir dəqiqləşdirmə aparmadan xəbərlərə əlavə edirlər. Gəminin
aid olduğu şirkət, ölkə və ya tipi nəzərə alınmadan edilən bu yanaşma
jurnalistikanın əsas prinsiplərinə ziddir.
Bu səbəbdən
bir həmkar olaraq xahiş və çağırış edirəm:
- Mövzu ilə
bağlı fotomaterial yoxdursa, "simvolik foto" və ya "arxiv şəkli"
qeydini mütləq əlavə edək.
- Hər hansı
bir gəmi, texnika və ya hadisə barədə material dərc etmədən öncə rəsmi
qurumlarla əlaqə saxlayıb məlumatı dəqiqləşdirək.
- Vizual
elementlər xəbərlərin əhəmiyyətini artırır, amma onların düzgün seçilməməsi xəbərin
mahiyyətinə zərər verə bilər.
Unutmayaq
ki, peşəkar yanaşma yalnız cəmiyyətin informasiyaya olan inamını artırmaz, həm
də medianın nüfuzunu qoruyar”.
News365.az