Tehranda dekabrın 28-dən bəri iqtisadi vəziyyətin ağırlaşması səbəbindən sahibkarlar tərəfindən keçirilən etirazlar digər şəhərlərə də yayılıb. Hazırkı etirazlar İranda 2022-ci ildən bəri ən geniş aksiyalar hesab olunur. ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edərək bildirib ki, İran hakimiyyəti etirazçıları öldürməyə başlayarsa, ABŞ tərəfindən sərt cavabla üzləşəcək.
Bəs Donald Trampın Venesueladan sonrakı hədəfi İran ola bilərmi?
Mövzu ilə bağlı Mətbuat Şurası İH üzvü, politoloq Yeganə Hacıyevanın sözlərinə görə, ABŞ-ın İran və Venesuela ilə münasibətləri zahirən oxşar görünür, hər iki ölkə Vaşinqtonun sərt sanksiyaları altındadır, hər ikisi dünyanın aparıcı neft ixracatçıları sırasında yer alır və zəngin təbii resurslara malikdir: “Lakin bu oxşarlıqlar yalnız səthi xarakter daşıyır. Dərin təhlil göstərir ki, ABŞ-ın bu iki ölkəyə yanaşmasında fundamental fərqlər mövcuddur və bu fərqlər eskalasiya risklərinin mahiyyətini də müəyyənləşdirir. Venesuela ilə ABŞ arasındakı münasibətlərin daha gərgin olmasının əsas səbəbi təkcə ideoloji ziddiyyətlər deyil. Burada əsas faktor Venesuela dövlət idarəçiliyinin kriminal-mafiya üsulları ilə formalaşmasıdır. Dövlət strukturlarının narkotik ticarəti ilə əlaqələndirilməsi, ABŞ bazarına yönəlmiş kokain ixracı, transmilli cinayətkarlığın təşviqi və “cinayətin ixracı” fenomeni Vaşinqton üçün Venesuelanı sadəcə problemli dövlət deyil, birbaşa təhlükəsizlik riski səviyyəsinə qaldırmışdı. Bu xüsusiyyətlərin İrana eyni formada aid edilməsi mümkün deyil. İran ideoloji baxımdan ABŞ-a rəqib olsa da, kriminal dövlət modeli kimi çıxış etmir. Məhz bu səbəbdən oxşarlıqlara baxmayaraq, ABŞ–İran və ABŞ–Venesuela münasibətlərini eyni siyasi çərçivədə qiymətləndirmək doğru olmaz”.
Y.Hacıyeva bildirib ki, ABŞ ilə İran arasında eskalasiya riskləri mövcuddur: “Sadəcə bu risklərin Venesuela ssenarisi üzrə inkişaf edib-etməyəcəyi birmənalı deyil və bir neçə kritik amildən asılıdır. İranla Venesuela arasında müəyyən paralellər xüsusilə hakimiyyətin daxili konfiqurasiyası baxımından özünü göstərir. Hər iki ölkədə dövlət resurslarına nəzarət azsaylı, lakin yüksək təsir gücünə malik qrupların əlində cəmlənib. Ordunun və təhlükəsizlik strukturlarının siyasi qərarvermədə aktiv rolu bu oxşarlığı daha da dərinləşdirir. Fərq ondadır ki, İranda bu nəzarət mexanizmi dini ideologiya ilə legitimləşdirilib və institusional çərçivəyə salınıb. Bu isə eskalasiyanın həm mümkünlüyünü, həm də mürəkkəbliyini artırır. Hazırkı mərhələdə ABŞ üçün əsas prioritetlərdən biri Aralıq koridorun təhlükəsizliyi, sabitliyin qorunmasıdır. ABŞ Prezidenti Donald Trampın siyasi yanaşmasında bu xətt açıq şəkildə görünür. İran Prezidenti Məsud Pezeşkian zahirən regional sabitlikdə maraqlı olan praqmatik lider təsiri bağışayır. Lakin real problem icraedici hakimiyyətin daxili manevr imkanlarının məhdudluğudur”.
Politoloq əlavə edib ki, İran kimi teokratik dövlətdə real güc mərkəzləri təkcə hökumət deyil: “Dini-klerikal dairələr, SEPAH və neft gəlirlərinə nəzarət edən paralel strukturlar qərarvermə prosesində həlledici rol oynayır. Bu isə ABŞ üçün İranı proqnozlaşdırılması çətin aktora çevirir. Məhz bu kontekstdə ABŞ üçün Aralıq koridorunun təhlükəsizlik xətti kimi Şimal–Cənub və Şərq–Qərb nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. Əgər İran bu balansı pozan real təhlükə kimi dəyərləndirilərsə, Vaşinqtonun sərt və sürətli reaksiya planlarının mövcud olduğu şübhəsizdir. Belə planlar texniki baxımdan qısa müddətdə, hətta bir gün ərzində işə düşə bilər. Lakin hazırkı mərhələdə İranın bu xətləri birbaşa hədəfə alan davranışlar nümayiş etdirdiyini demək çətindir. Ən azı açıq siqnallar hələ müşahidə olunmur. Digər mühüm məqam isə İran daxilindəki daxili siyasi dinamikadır. ABŞ ilə gərginliyin artmasında maraqlı olan müəyyən güc qrupları mövcuddur və bu gərginlik onlar üçün cəmiyyət üzərində nəzarəti qorumağın, iqtisadi və siyasi resursları əlində saxlamağın effektiv alətinə çevrilir. Xarici düşmən obrazı daxili legitimlik böhranlarını ört-basdır etmək üçün istifadə olunur. Bu isə eskalasiyanın yalnız xarici deyil, daxili siyasi motivasiyalarla da qidalandığını göstərir. Nəticə etibarilə, ABŞ–İran münasibətlərində eskalasiya potensialı mövcuddur, lakin bu potensial Venesuela modeli ilə avtomatik eyniləşdirilə bilməz. Burada daha çox balans, daxili güc mərkəzləri və regional təhlükəsizlik arxitekturası həlledici rol oynayır. ABŞ üçün əsas sual İranın ideoloji mövqeyi deyil, onun bu təhlükəsizlik balansını real olaraq pozub-pozmayacağıdır. Hazırda isə bu sual açıq qalır”.