Vaşinqton Tehranla nüvə sazişinin mümkünlüyünü ilə bağlı danışıqların aparılmasında maraqlıdır

Vaşinqton Tehranla nüvə sazişinin mümkünlüyünü ilə bağlı danışıqların aparılmasında maraqlıdır
19:00

İsrailin Baş naziri Benyamin Netanyahunun fevralın 11-də ABŞ-a səfəri baş tutub. Baş nazirin ofisi səfərdən öncə yaydığı məlumatda bildirmişdi ki, Vaşinqtonda keçiriləcək danışıqlarda İranın ballistik raket arsenalının məhdudlaşdırılması, Tehranın Yaxın Şərqdə müttəfiqi olan qüvvələrə dəstəyinin dayandırılması əsas müzakirə mövzuları olacaq.

Bu sözləri News365.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, Netanyahu səfərdən əvvəl Omanda İranla aparılan danışıqlara dair İsrailin mövqeyini də ifadə edib:

”O, İranın nüvə proqramının tamamilə ləğv edilməsini, sıfır səviyyəsində zənginləşdirmə siyasətinin tətbiqini, bütün zənginləşdirilmiş materialların ölkədən çıxarılmasını və ciddi beynəlxalq nəzarətin təmin olunmasını tələb edib. Bununla yanaşı, İranın ballistik raketlərinin uçuş məsafəsinin 300 kilometrlə məhdudlaşdırılması və regional proksi qruplara dəstəyin dayandırılması da İsrailin əsas tələbləri sırasında yer alıb”.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla Benyamin Netanyahu arasında təxminən üç saat davam edən görüş zamanı bu məsələlər ətraflı müzakirə olunub:

”Lakin Ağ Evin yaydığı açıqlamadan da göründüyü kimi, nüvə sazişi ilə bağlı yekun razılıq əldə edilməyib. Bu da görüşün konkret razılaşmadan daha çox dialoq və gələcək istiqamətlərin müəyyənləşdirilməsinə xidmət etdiyini göstərir. Donald Tramp görüşdən sonra “Truth Social” platformasında bildirib ki, Vaşinqton Tehranla nüvə sazişinin mümkünlüyünü qiymətləndirmək üçün danışıqların davam etdirilməsində maraqlıdır və görüş zamanı bu mövzuda hər hansı razılaşma əldə olunmayıb.

Turan Rzayevə görə, görüş İsrailin təhlükəsizliklə bağlı narahatlıqlarının ABŞ administrasiyasına birbaşa və açıq şəkildə çatdırılması baxımından əhəmiyyətli olub. Eyni zamanda, Trampın açıqlamaları ABŞ-ın diplomatik manevr imkanlarını qoruduğunu və İranla danışıqları davam etdirmək niyyətində olduğunu göstərir.

Politoloq vurğulayıb ki, Tehranla nüvə danışıqları davam etdiyi üçün hələlik yekun razılaşmadan söhbət getmir. Tramp–Netanyahu görüşü regionda gələcək addımlar üçün siyasi mesaj xarakteri daşıyır və daha çox mövqelərin qarşılıqlı anlaşılması mərhələsi kimi dəyərləndirilir.



Sizin reklam burada
Sizin reklam burada