Ukraynadakı korrupsiya böhranı Zelenskini çətin vəziyyətə salır

Ukraynadakı korrupsiya böhranı Zelenskini çətin vəziyyətə salır
15:13

Ukraynada son illərin ən böyük korrupsiya qalmaqalı yaşanır.

News365.az-ın məlumatına görə, dövlətin ən yüksək səviyyələrinə qədər gedib çıxan ittihamlar prezident Volodimir Zelenskinin komandasını ciddi şəkildə silkələyib.

Yerli mətbuatın məlumatına görə, Zelenski “ittihamların miqyasını görəndə sarsılıb” və artıq bir neçə yüksək vəzifəli şəxslə arasında məsafə saxlayır.

Ukraynanın anti-korrupsiya qurumları 15 ay davam edən araşdırma nəticəsində dövlətə məxsus “Enerqoatom” şirkətindən ən azı 100 milyon dolların mənimsənildiyini müəyyən edib. Gizli səs yazıları, mənzillərdə aparılan axtarışlar və sənədlər korrupsiya planının geniş şəbəkə tərəfindən idarə olunduğunu üzə çıxarıb.

İttiham olunanların arasında Zelenskinin yaxın dostu və keçmiş biznes tərəfdaşı Timur Mindiç də var. Onun evində “qızıl unitaz” belə tapılıb. Mindiç prokurorluq əməkdaşları evinə gəlməzdən bir neçə saat əvvəl ölkədən qaçıb, ona əvvəlcədən kiminsə xəbərdarlıq etdiyi ehtimal olunur.

Toplanan pulların bir hissəsinin Moskvaya göndərildiyi, bir hissəsinin isə Kiyev yaxınlığında yüksək vəzifəlilər üçün dəbdəbəli villaların tikintisinə sərf olunduğu iddia edilir.

Skandalın ardından parlament noyabrın 18-də energetika naziri Svetlana Hrinçuk və ədliyyə naziri Herman Haluşenkonun vəzifədən azad olunması barədə səsvermə keçirəcək. Onlar ittihamları rədd edir.

Araşdırmada şəbəkə üzvlərinin bir-birinə ləqəblərlə müraciət etdiyi üzə çıxıb. Bunlar “Karlson” (Mindiç), “Çe Gevara” (Aleksiy Çerniçov (keçmiş baş nazir müavini), “Professor” kimi ləqəblərdir. Hətta çamadanlarla pul daşımaqdan bel ağrısından şikayət edən audio yazılar belə var.

Korrupsiyaya qarışan şəxslər araşdırmaçılar izlənildiyini anlayanda onların ev ünvanlarını tapıb, hətta gizli kameraların görüntülərini əldə edərək təzyiq göstərməyə başlayıblar.

Bundan sonra prezident administrasiyasının araşdırmanı dayandırmaq cəhdləri iddia edilir. Anti-korrupsiya orqanlarının müstəqilliyini məhdudlaşdıran qanun belə qəbul edilib, lakin kütləvi etirazlardan sonra geri çəkilib.

Hazırda sual ondan ibarətdir ki, prezident bu qalmaqaldan xəbərdar idimi, yoxsa müharibə səbəbindən nəzərdən qaçırıb. Rəsmi qurumlar Zelenskinin korrupsiya planının detallarını bilmədiyini düşünür. Lakin ona yaxın şəxslərin adının hallanması prezidentin siyasi gələcəyinə ciddi təhlükə yaradır.

Bir ukraynalı zabit skandalı “atom bombası partlayışı”na bənzədib.

Ekspertlər deyir ki, bu qalmaqal iki istiqamətdə ağır nəticələr yarada bilər: cəbhədə döyüşən əsgərlərin ruh düşkünlüyü və Ukraynaya xaricdən maliyyə yardımının azalması riski.

Ukraina hər il 100 milyard dollara yaxın xarici dəstəyə ehtiyac duyur. İndi bəzi ölkələr korrupsiya qalmaqalını yardımı azaltmaq üçün bəhanə kimi istifadə edə bilər.

Araşdırma davam edir. Beş nəfər artıq həbs olunub, daha çox həbslərin olacağı gözlənilir. Anti-korrupsiya qurumları növbəti mərhələdə Ukraynanın müdafiə sektorunu araşdıracaq, bu isə siyasi elitanı daha da narahat edir.

“Zelenski seçim qarşısındadır: ya öz komandasında "əməliyyat" aparmalı olacaq, ya da böhran bütün sistemi çökdürə bilər”, - "Economist" nəşrinə danışan ekspertlərdən biri belə deyib.


Sizin reklam burada
Sizin reklam burada