Ukraynadakı münaqişə davam edir və hər iki tərəfin hərbi fəaliyyətləri beynəlxalq diqqət mərkəzindədir. Son günlərdə xüsusilə ABŞ tərəfindən hazırlanmış 28-maddəli sülh planının mediaya sızdırılması diqqət çəkib və bu, həm Ukrayna ictimaiyyətində, həm də beynəlxalq aləmdə narahatlığa səbəb olub. Planın sızdırılması Ukrayna daxilində daxili gərginliyi artırmaq, xalq arasında depressiya yaratmaq və hökumət-müttəfiq münasibətlərindəki çatları vurğulamaq məqsədini güdə bilər.
Hərbi ekspert Ədalət Verdiyev Ukraynadakı hazırkı hərbi vəziyyət və ABŞ tərəfindən hazırlanan 28-maddəli planla bağlı fikirlərini News365.az-a açıqlayıb. Ekspertin sözlərinə görə, əməliyyat şəraitində hazırda nəzarət əsasən Rusiyanın əlindədir və bu, Ukrayna üçün ciddi problemlər yaradır.

“Əməliyyat şəraitində bu gün nəzarət Rusiyanın tərəfindədir. Rusiya daha çox ərazi işğal edir, qoşunları limanda müxtəlif istiqamətlərdə irəliləyir. Məsələn, dünən Pakrovskanda Rusiya qoşunları bir qədər irəlilədi və bu, onların ordusunda ruh yüksəkliyi yaratmış kimi görünür. Ukrayna isə ərazi itirirsə, qoşun geri çəkilirsə, vəziyyət davamlı olaraq onların xeyrinə deyil. Bu isə təbii olaraq zamanla Rusiyanın fəaliyyətinin nəticələrini ortaya qoyur”, – ekspert bildirib.
Ə.Verdiyev həmçinin ABŞ-ın hazırladığı 28-maddəli planın mediaya sızdırılmasını da şərh edib:
“Mən planın adını ABŞ-Sülh planı qoru olaraq bilirəm. Bu plan hələ tam razılaşdırılmış versiya deyil. Amma onun mediaya sızdırılması lazım idimi? Bu, Ukrayna xalqını depresiyaya sala bilər və daxili gərginliyi artırır. Böyük ehtimalla bu sızdırma Ukrayna üçün arzuolunan deyil. Plan əvvəlcə ictimaiyyət üçün hazırlıq mərhələsindən keçirilməli idi”.
Hərbi ekspertin sözlərinə görə, Rusiyanın bu planın sızdırılmasında rolu var:
“Rusiya, böyük ehtimalla, 28-maddəli planın hazırlanmasında iştirak edən şəxslərdən birinin vasitəsilə bunu dolayısı ilə ortaya çıxardı. Məqsəd Ukrayna daxilində çatları göstərməkdir – hakimiyyət və xalq arasında gərginlik var. Bu da Rusiyanın Ukraynanın müttəfiqlərinə qarşı təzyiqi üçün əlavə vasitə yaradır. Yardımların dayandırılması və hədələr bunun nəticəsidir”.
Ekspert vurğulayıb ki, hazırkı vəziyyət Ukrayna üçün həm strateji, həm də siyasi baxımdan ciddi sınaqdır və əməliyyatlarda geri çəkilmələr davam edərsə, ölkədə daxili gərginlik daha da artacaq.