“Türkiyənin Suriyaya qarşı mübarizəsi: Gərginlik, strateji hədəflər və beynəlxalq təsirlər”

“Türkiyənin Suriyaya qarşı mübarizəsi: Gərginlik, strateji hədəflər və beynəlxalq təsirlər”
27 Yan 2025 14:58

Türkiyə ordusu son günlər Suriyada PKK/YPG-nin mövqelərinə ardıcıl zərbələr endirir. Terrorçu şəbəkənin komandanı “Məzlum Kobani” kod adlı Fərhad Abdi Şahin də ABŞ mediasına verdiyi açıqlamada bunu etiraf edib.

“Davamlı olaraq hücum altındayıq. Güclü artilleriya atəşi var. Bu vəziyyət bizi iflic edib”, – o bildirib.

Politoloq Turan Rzayev bunu News365.az-a şərh edib. 

"Türkiyə Suriyada mərkəzi dövlətin qurulmasını təmin etməklə yanaşı, PKK/YPG-nin kökünü kəsmək və terrora son qoymaqda qətiyyətlidir. Son günlər həyata keçirilən PUA hücumları və digər hərbi addımlar da bunu təsdiqləyir. Lakin Ankara əməliyyatları tam miqyasda həyata keçirə bilmir – xüsusilə quru əməliyyatlarında çətinliklər var.

ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlamazdan əvvəl rəsmi Ankara PKK/YPG-nin Suriyadakı varlığına son qoya bilmədi. Suriyanın şimal-şərqində PKK/YPG məsələsi Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında əsas fikir ayrılığı olaraq qalır. Trampın Ərdoğanla münasibətləri yaxşı olsa da, bu məsələdə ortaq məxrəcə gəlmək çətindir. ABŞ YPG-nin dövlətləşməsi üçün ciddi investisiyalar yatırıb və silah-sursat yardımlarını davam etdirir. Vaşinqtonun bu qədər sərmayədən sonra geri addım atması çətin görünür və bu vəziyyətin gec-tez Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradacağı qaçılmazdır.

Ötən həftə Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Abdi Ərbilə səfər edərək İraq Kürdüstanını idarə edən Bərzani ailəsinin lideri Məsud Bərzani ilə görüşüb. Məlumata görə, görüş zamanı Bərzani Məzlum Abdiyə tövsiyə edib ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün PKK-nı Suriyadan çıxarsın. Əks halda PKK-nın Suriyadakı varlığı Türkiyənin müdaxiləsinə zəmin yaradacaq.

Bərzaninin bu təklifi məntiqli görünür, çünki o, İraqın şimalında balans siyasətini uğurla tətbiq edir. Əslində, Türkiyəni narahat edən kürdlərin varlığı deyil, kürd terrorizmidir. Əgər SDF PKK/YPG-ni sıradan çıxarmaq qərarına gəlsə, Ankaranın dəstəyini qazana bilər. Lakin burada əsas problem SDF-nin İraq Kürdüstanı nümunəsində olduğu kimi geniş muxtariyyət tələb etməsidir. Bu məsələnin həlli isə Vaşinqton və Ankara arasındakı danışıqlardan asılı olacaq."