ABŞ Prezidenti Donald Trampın İranla bağlı ziddiyyətli mesajları Vaşinqtonun hansı xətti seçəcəyi ilə bağlı sualları artırır. Bir tərəfdən danışıqların mümkünlüyündən danışılır, digər tərəfdən isə hərbi təzyiq və yeni əməliyyat ehtimalı gündəmdə saxlanılır. Politoloq Sülhət Zahidov hesab edir ki, bu yanaşma daha uzunmüddətli strategiyanın tərkib hissəsidir.
Politoloq News365.az-a açıqlamasında bildirib ki, noyabrda keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərə qədər İranla bağlı ciddi eskalasiyanın baş verməsi ehtimalını yüksək qiymətləndirmir.

Onun sözlərinə görə, ABŞ iqtisadiyyatının qlobal bazarlara sıx inteqrasiyası Vaşinqtonu mümkün hərbi eskalasiya məsələsində ehtiyatlı davranmağa vadar edir:
“ABŞ dünya iqtisadiyyatına inteqrasiya olunmuş dövlətdir. Dünya bazarlarında qiymətlərin dəyişməsi və kəskin artım ABŞ iqtisadiyyatına da təsir göstərir. Belə bir eskalasiya baş verərsə, qiymətlər daha da arta bilər. Bu isə ABŞ vətəndaşlarının gündəlik həyatına mənfi təsir göstərəcəyindən, aralıq seçkilərdə respublikaçıların qələbə imkanlarını azalda bilər”.
Sülhət Zahidov hesab edir ki, Donald Tramp hazırda “flooding the zone” kimi tanınan strategiyadan da istifadə edir. Onun fikrincə, ABŞ administrasiyası bir-birindən fərqli və bəzən ziddiyyətli mesajlar verməklə İran üzərində təzyiqi qoruyur və qeyri-müəyyənlik yaradır.
“Bir tərəfdən deyilir ki, saziş istənilən an imzalana bilər, digər tərəfdən isə Tramp ‘mənə ümumiyyətlə saziş lazım deyil’ mesajı verir. Hətta İranı danışıqlar masasına gətirmək üçün müxtəlif yolların mümkün olduğunu bildirir. Burada məqsəd həm danışıqlara açıq görüntü yaratmaq, həm də təzyiq mexanizmini işlək saxlamaqdır”, – deyə politoloq vurğulayıb.
Ekspert ABŞ rəsmilərinin İranın uranı zənginləşdirməsi ilə bağlı ritorikasında da müəyyən dəyişiklik müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, əvvəl Vaşinqton ümumiyyətlə zənginləşdirmənin olmamasını tələb edirdisə, hazırda bəzi açıqlamalarda bunun müəyyən səviyyəyə endirilməsi məsələsi səsləndirilir.
Politoloq əlavə edib ki, ABŞ-ın İranla bağlı siyasətində həm diplomatik, həm də təhdid ritorikası paralel şəkildə davam edir. Vaşinqton bir tərəfdən danışıqlara hazır olduğunu nümayiş etdirir, digər tərəfdən isə razılaşma əldə olunmadığı təqdirdə hərbi əməliyyatların yenidən gündəmə gətirilə biləcəyinə işarə edir.
“Düşünürəm ki, noyabra qədər ciddi eskalasiyanın baş verməsi ehtimalı yüksək deyil. Lakin istənilən halda bu, bir neçə aya həll olunacaq məsələ təsiri bağışlamır. Daha çox uzunmüddətli strategiyaya bənzəyir”, – deyə Sülhət Zahidov bildirib.
Politoloqun fikrincə, ABŞ-ın strategiyası uzun müddət ərzində İranı sanksiyalar və iqtisadi təzyiqlər vasitəsilə zəiflətməyə yönələ bilər. O, bu prosesin gələcəkdə daha sərt ssenarilərlə nəticələnə biləcəyini də istisna etmir:
“Bəlkə də söhbət iki-üç ildən sonra, növbəti prezidentin dönəmində başqa mərhələyə keçməkdən gedir. İraqda da əvvəlcə 1990-cı illərdən etibarən sanksiyalar tətbiq edildi, daha sonra isə 2003-cü ildə birbaşa müdaxilə baş verdi. İranla bağlı da gələcəkdə buna bənzər müdaxilə ssenarisinin gündəmə gəlməsi mümkündür”.