Sürgündəki Hasinaya edam hökmü: Banqladeşdə etiraz gündəmi silkələdi

Sürgündəki Hasinaya edam hökmü: Banqladeşdə etiraz  gündəmi silkələdi
15:04

Banqladeşdə siyasi gərginlik yeni mərhələyə keçib. Xüsusi tribunal ölkənin devrilmiş baş naziri Şeyx Hasinanı ötən il kütləvi etirazlar zamanı “insanlığa qarşı cinayətlər” törətməkdə təqsirli bilərək edama məhkum edib.

News365.az xəbər verir ki, bu məlumatı Associated Press yayıb.

Məhkəmə eyni ittihamla sabiq daxili işlər naziri Asaduzzaman Xanın da edamına qərar verib. İş üzrə üçüncü şəxs – keçmiş polis rəisi isə dövlətlə əməkdaşlıq etdiyinə görə cəzasını 5 illik həbslə yüngülləşdirib.

Dakkada elan olunan hökm canlı yayımlanıb. Qərar açıqlanmadan əvvəl müvəqqəti hökumət ölkənin bir çox bölgəsində təhlükəsizlik tədbirlərini artıraraq sərhəd qoşunları və polis qüvvələrini küçələrə çıxarıb.

Hasina və Xan hazırda Hindistanda olduqları üçün məhkəmə onların iştirakı olmadan aparılıb. Onlar və rəhbəri olduqları Avami Liq partiyası tribunalı qeyri-qanuni adlandıraraq dövlət tərəfindən təyin olunan vəkilləri qəbul etmədiklərini bildiriblər. Partiya qərara etiraz olaraq ölkə üzrə ümumi tətil elan edib.

İttihamlar 2024-cü ilin iyul-avqust aylarında tələbələrin öncülük etdiyi etirazlar zamanı baş verən kütləvi ölüm hadisələri ilə bağlıdır. BMT-nin son hesabatında həmin qarşıdurmalarda 1 400 nəfərin öldüyü göstərilirdi. Banqladeşin müvəqqəti hökumətinin açıqlamasına görə isə ölənlərin sayı 800-dən çox, yaralananların sayı isə təxminən 14 000-dir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada