Xəbər verdiyimiz kimi SSRİ bayrağıı ilə yürüş edən bir qrup şəxs saxlanılıb.
Milli Məclisin deputatı Fazil Mustafa hadisə ilə bağlı News365.az-a açıqlamasında bildirib ki, bu cür kiçik qruplar hər zaman bütün ölkələrdə mövcud olur və adətən hansısa ideoloji cərəyanın tərəfdarı kimi çıxış edirlər.
“Bunların hamısını kriminal hesab etmək doğru deyil. Çox vaxt bu, xəstə təfəkkürlü bir neçə şəxsdən ibarət davranışdır”, — deyə deputat qeyd edib.
Fazil Mustafa əlavə edib ki, əgər bu qruplar xaricdən maliyyələşirsə və məqsədyönlü şəkildə ideologiyanı yaymaq niyyəti daşıyırlarsa, hüquqi addımların atılması zəruridir.
“Adətən belə kateqoriyaya daxil insanlar daha çox yaşlı nəsilə aiddir və keçmiş dövrün bərpası düşüncəsini daşıyırlar. Amma yalnız fikir yürütürlərsə, fikirə görə məsuliyyətə cəlb etmək qanuna uyğun deyil. Lakin bu hərəkətlər xarici təlimatlarla bağlıdırsa, hüquq mühafizə orqanlarının ciddi tədbir görməsi vacibdir”, — deyə deputat vurğulayıb.