Sonuncu qatar

Sonuncu qatar
17 İyl 2025 16:22

Sonuncu qatar

    

       Günəş şəhərin üzərinə yumşaq, qızılı işıqlarını səpələyirdi. Parkın iri yaşıl ağacları arasında yüngül külək əsirdi, yarpaqlar pıçıltıyla fısıldayırdı. Hüseyn və Zərifə, əl-ələ tutmuş, sakitcə dayanaraq, bir neçə addım aralıda oyun oynayan övladları Mələk və Yusifi fərəhlə izləyirdilər. Mələk ilə Yusif, çəmənlikdə gülüşlərlə dolu, oyun oynayırdılar. Mələk, rəngli yaylığını saçlarının arasından arxaya çəkərək, çiçəklərin arasında yavaş-yavaş addımlayırdı. Gözlərində uşaqlıqdan gələn saf heyranlıq vardı - kəpənəyi izləyir, onun nağıllar dünyasına uçuşunu seyr edirdi. Yusifin gülüşü  isə parkın sakit havasını sevinc ilə doldururdu.Uşaqların hər gülüşü  parkın sakit havasını canlandırır, həyatı daha parlaq edirirdi. Hüseynin baxışları ailəsinin üzərində dayanır, böyük sevgini və dərin qayğını əks etdirirdi. Zərifənin üzündə sakit bir təbəssüm vardı, ürəyi  isə rahatlıqla dolmuşdu. Bu an, şəhərin hər tərəfdən gələn səs-küyündən uzaq, sadəcə onların dünyası idi - bir ailənin içindəki sülh, gələcəyə dair ümidin və xoşbəxtliyin yeganə işığı idi. Amma bu anın içində, sanki uzaqda qaralmağa başlayan göy üzü vardı - bu gələcəkdə onları gözləyən fırtınaların səsi idi…

     Günəş asta-asta batmağa başlayırdı. Parkda keçən gülüş dolu saatlardan sonra evə qayıtdılar. Evin içində sakit, xoş hazırlıq əhval-ruhiyyəsi hiss olunurdu. Gülüşlərin yüngül səsləri hələ də otaqlarda dolaşırdı, çamadanlar yığılmış,  səyahətin həyəcanı hər kəsin baxışında oxunurdu.

Zərifə  Mələyin saçını hörür, Yusifin çantasına sevdiyi oyuncağını yerləşdirirdi. Uşaqlar səyahəti bir macəra kimi görür, nə baş verəcəyini tam anlamırdılar. Hüseyn isə bu dəfə onlarla gedə bilmirdi. İşi ilə bağlı gözlənilməz bir ezamiyyət çıxmışdı. “Cəmi bir-iki gün, sonra arxanızca gələcəyəm,” demişdi. Amma vidalaşmaq heç vaxt asan olmur.

     Vağzala çatanda qatarın fiti artıq uzaqdan eşidilirdi. Yusif həyəcanla əllərini çırpdı, Mələk isə atasına baxaraq soruşdu: 

-“Ata, sən gəlmirsən?” 

Hüseyn onu qucaqlayıb alnından öpdü: 

-“Mən də tezliklə gələcəm, qızım.” 

Yusif  “qayıdanda mənə saat alarsan, ata!” deyə gülümsədi. Hüseyn də gülümsədi, bu anı ürəyində qoruyurmuş kimi gözlərini yumdu, qoxularını içində saxladı. Vağzalda susqunluq hakim idi, amma bu susqunluqda istilik vardı. Zərifə təbəssümlə başını tərpətdi, uşaqlar vaqona mindilər. Pəncərədən Hüseynə əl yellədilər, kiçik əllər hava ilə oynayırdı. Zərifə isə sakitcə yerinə oturdu, bu səfərin rahat keçməsini arzuladı.

    Qatar asta-asta tərpəndi. Hüseyn perronda tək dayanmışdı. Əlləri cibində, baxışları uzaqlarda. Qatar yoxa çıxana qədər oradan tərpənmədi.

       Qatar kənd yolları ilə ağır-ağır irəliləyirdi. Pəncərələrdən baxan uşaqlar təbiətin rəngarəngliyinə heyran qalmışdılar. Mələk əllərini şüşəyə qoyub gülümsəyir, Yusif oyuncaq maşınını vaqonun oturacağı boyunca sürürdü. Zərifə pəncərədən baxırdı - düşüncələri yavaş-yavaş dərinləşir, beyni hafizəsində dolaşan səssiz kadrlarla dolurdu. İçində qəribə bir narahatlıq var idi. Adını qoymaq çətin olan bir hiss - bəlkə də sadəcə analıq instinkti.

     Qatar tarlaların arasından ötüb keçirdi. Günəş artıq üfüqə toxunmağa başlamışdı. Səssizlik içində, uzaqdan gələn zəif fit səsi vaqonun havasını kəsdi. Zərifə başını qaldırdı. Mələk səsini çıxarmadan anasına baxdı. Yusif qorxudan oyuncağını yerə saldı. Birdən… bir səs. Əvvəlcə qəribə bir titrəyiş keçdi vaqonun içindən. Sonra qəfil bir sarsıntı. Sanki dəmir öz canını itirdi. Uşaqlar yıxıldılar. Zərifənin gözləri açıldı, başını tərpətdi. Vaqon bir anlıq yan tərəfə əyildi. Qışqırıq səsləri yüksəldi. Kiminsə “Allaaaah!” deyə bağırtısı içəri çökdü. Yer silkələndi, göy sanki yerə düşdü. Zərifə Mələyi axtardı. Yusif harada idi? Sonra… qaranlıq. Səssizlik…

Daşların üzərinə yayılan qan qoxusu. Yanan dəmirin iç yandıran iyi. Yuxarıdan sanki dünya çökdü. Vaqonlar bir-birinin üstünə düşmüşdü. Bəzi yerlərdə insanlar ətrafa səpələnmişdi. Körpələr susmuşdu. Kimsə yerində tərpənmirdi. Zərifənin gözləri yenidən açıldı, amma hər şey bulanıq idi. Qulaqlarında bir zümzümə, bir uğultu. Əlini tərpətmək istədi,bacarmadı, başı yaralı idi. Yanı başında qırılmış bir oyuncaq - Yusifin oyuncağı idi. Amma nə Yusif vardı, nə də Mələk.

Qışqırmaq istədi… səsi çıxmadı. Huşu yenidən qaraldı, gözləri yumuldu.

         Hüseyn telefona sarılır, əlləri titrəyir. Zəng çatmır,yenidən yığır. Yenə sükut, damarlarında qan yox, buz axır sanki. Nəfəsi kəsilir, ətraf bulanıqlaşır. Sonra… bir cümlə:  “Qatar qəzası baş verib.” Başından aşağı qaynar su deyil, qaynar dəmir axır sanki. Gözləri qapanır, bədəni yerində donur. Dərhal yerindən sıçrayır. Sükan arxasında bir cəsəd kimidir. Avtomobil yolu unutmuş, o isə sadəcə bir dua pıçıldayır: “Yalvarıram Allahım… sağ olsunlar… sadəcə sağ olsunlar…”

Qəza bölgəsinə çatanda… dünya dayanır. Dəmir yığınları sanki bombalanmış bir şəhəri xatırladır. Qırılmış relslər, yanan vaqonlar. Qan izləri torpağa hopub. Havada his, yanmış plastik, və insan ətinin ağır qoxusu. Yolun kənarında, alt-üst olmuş otların arasında bir cüt kiçik ayaqqabı. Mələyin ayaqqabıları  idi. Hüseyn diz çökür. O anda dizləri qırılır sanki. Əlləri ilə ayaqqabılara toxunur – toz, qan və  ləkə. Mələyin qoxusu yoxdur… amma onun yoxluğu var.

      Hüseyn təkcə qışqırmaq istəmir. O, qışqırmaqla özündən də çıxmaq istəyir. Amma bacarmır. Ağlamaq istəmir - çünki artıq ağlaya biləcək qədər insan deyil. Adlarını siyahılarda axtarır. Hər səhifə, hər cədvəl bir bıçaq olur.Yoxdurlar. Sanki o qatarda olmamışdılar. Nə cəsədləri var, nə sağ olduqlarına dair bir iz. Sanki yerə batıblar.“Sanki torpaq uddu onları…” Vaqonlar yarıya bölünüb. Dəmir parçalarının arasında qan izləri. Hüseynin boğazında düyün… ürəyində xəncər. Gözləri torpaq kimi quruyub. Bağırmaq istəyir, amma səsi içində boğulur.

O an… bir nəfəslik sükut düşür. Sonuncu qatarın fit səsi yalnız relsləri yox, Hüseynin ürəyini də titrətdi. O anda gedən təkcə vaqonlar deyildi, bir ailə, bir ömür idi.

    Hüseyn diz çökür, əlləri torpağa batır, dırnaqları ilə yeri qazır sanki. “Gəlin burdan çıxın…” demək istəyir. Amma bilmir kimin üçün qazır – ölü üçün, yoxsa sağ qalan ümid üçün?

“Bəzən bir qatarın içində təkcə insanlar yox, talelər də yola düşür – və o talelərin sonuncusu bəzən elə ‘Sonuncu Qatar’ olur.” O, günlərlə bölgədən ayrılmır. Gecələr yanan vaqonların kölgəsində yatır. Əynindəki paltar toz, qan və ümidsizlik içindədir. Yemir, danışmır, sadəcə baxır, gözləyir. O qayıtmayacaq qatardan bir nəfəs qopub qayıtsın deyə…

     İki kiçik uşaq tamamilə köməksiz qalmışdı. Analarından bir iz belə yox idi - yerində təkcə səssizlik və boşluq qalmışdı.  Hər tərəf səssiz, hər künc soyuq və boş idi. O kiçik ürəklər dərindən ağlayır, amma ağlamalarına qulaq asacaq kimsə yox idi. Onlar tək, kimsəsiz, qalmışdılar…

Uçurumun kənarındakı həmin kənd heç kimin yadına düşməzdi. Xəritələrdə belə adı solğun, yolları köhnə idi. Orada telefon çəkməzdi. Qış uzun, yay quru keçərdi. Heç kimin gəlmədiyi, heç kimin getmədiyi bir yer idi. Elə bil dünyanın unudulmuş küncüydü. Qəzanın səsi kəndə çatanda, ilk ə heyvanlar oldu. İtlər uladı, quşlar baş alıb uçdu. İnsanlar isə axşamüstü sükutunda səsin haradan gəldiyini bilmədən ayağa qalxdı.

     Tükəzban nənə də o kəndin kimsəsizlərindən idi. Cavanlığında çox şey yaşamışdı, artıq heç nə ona qəribə gəlmirdi. Həyat onu sərtləşdirmiş, amma qəlbini daş etməmişdi. Qəzanın düşdüyü yamacın yaxınlığına gələndə hələ heç kim yox idi. Qadın ehtiyatla dağılmış dəmir yığınlarına baxdı. Hər tərəf qırıq, sükut və kül idi. Qan ləkələri torpağa hopmuşdu. Bir səs eşitdi. Zəif… boğuq… boğazda qalmış bir ağrı kimi. O tərəfə çevrildi. İki uşaq. Biri  gözləri sönük, yanağında cızıqlar, üst-başı torpaq içində olan balaca Mələk. O biri –  Yusif – dizi qanlı, əlləri titrəyirdi. Qolunda oyuncağının başı qopmuşdu. Hələ də əlində bərk saxlayırdı,sanki buraxsa, özü də dağılar. Ətrafda heç kim yox idi. O an elə bil dünya dayanmışdı.. 

– Bala… siz… təksiniz?…Tükəzban nənə uşaqlara nəvazişlə yaxınlaşdı.

Mələyin cavab verəcək taqəti qalmamışdı,Yusif çarəsizcə baxırdı. Bir kəlmə belə demədi. Gözlərində ağrılı bir haray vardı – sanki “kömək elə” demək istədi, amma dili yox idi.

Tükəzban ətrafına baxdı. Qan, dəmir, dağılmış çantalar, ayaqqabılar… və ölü səssizlik. Qadının boğazı düyünləndi. Gözlərini yumub içindən nəsə pıçıldadı, sonra əllərini uzatdı. Yavaşca:

– Qorxmayın… gəlin… qorxmayın, bala…

Yusif tərpəndi. Mələk heç nə demədən onun yanına gəldi. Tükəzban nənə uşaqları çətinliklə də olsa qucağına alıb evinə apardı.  Tükəzban nənə addımladı. Asta-asta. İki qolu arasında bir taleyi daşıyırmış kimi. Sanki bu iki uşaqla birgə özü də susaraq dünyadan uzaqlaşırdı.

Səssizcə kəndə tərəf yol aldı. Kəndə çatanda, evlərin pəncərələrində yavaş-yavaş işıqlar yanmağa başladı. İnsanlar nə baş verdiyini anlaya bilmirdilər. Mələk yavaş-yavaş huşunu itirirdi. Gözləri yarıaçıq qaldı, bədəni soyuq və zəif idi. Yusifin titrəyən əlindəki oyuncaqdan başqa hər şey dağılmış, qaranlıq idi. Tükəzban nənə dərhal yaxınlıqda yaşayan qonşuları köməyini çağırdı. Onlar  təlaş və ağrı ilə uşaqları qucaqladılar, bədənlərini sığalladılar. Amma Mələk artıq tamamilə huşunu itirmişdi, nəfəsi zəif və kəsik-kəsik gəlirdi. Yusif isə sanki anasının itkisinin ağırlığını daşımış kimi susur, gözləri yaşla dolu idi. Bir anlıq kənd camaatı sanki donub qaldı. Ana ürəyi kimi döyünən bu kiçik ürəklərin susqunluğu, qəm dolu səssizliyi kəndə ağır, sarsıdıcı bir kədər toxundu.

Həmin gecə Tükəzban nənə qonşularla birlikdə uşaqları həyata qaytarmaq üçün var güclərini sərf etdilər. 

       Hüseyn hər gün eyni qatar vağzalına gəlir ailəsindən bir ümid, nə isə xəbər almağı arzulayırdı. Vağzala gəlib, dəli kimi qaçırdı.

– Mənim uşaqlarım haradadı?

– Arvadım bu qatardaydı. Zərifə! Zərifə!

– Qızımın adı Mələk idi, oğlum Yusif. Oyuncaqlı çanta vardı yanlarında!

Heç kim cavab vermirdi.

– Onlar olmayıb burda. – dedilər birisi.

– Bəlkə başqa vaqonda olublar? – dedi o biri.

– Bir çoxu tanınmaz halda olublar, bəziləri… – dedilər, susdular.

Hüseyn başını quma gömdü sanki. Səs çıxmadı ondan. Sadəcə… yerə çökdü.

Gecələr stansiya işıqları altında gözləyirdi – bəlkə o qatar yenə gələr, bəlkə onlar düşər.

Bəlkə… Mələk “Ata!” deyə qaçar…

Bəlkə… Zərifə onu görüb gülümsəyər…

Əllərində uşaqların şəkli. Hər keçənə göstərirdi.

– Bu qızı gördünüz?

– Bu oğlanı? Balacadı, gözləri qaraydı…

Heç kim tanımırdı.

Hüseynin gecələr ruhu üşüyürdü. Köhnə pencəyi qoxuya bürünmüşdü – Zərifənin ətri hələ də qalırdı. O pencəyi qucaqlayırdı. Sanki onu yox, Zərifəni qucaqlayırdı.

Sanki bəlkə, bəlkə… o da haradasa soyuqda, onu gözləyirdi.. Və hər gecə bir peşmanlıq dönürdü beynində:“Əgər o gün getsəydim… əgər mən də qatara minsəydim… bu baş verməzdi…”

Səhərlər isə səssiz oyanırdı. Çünki artıq nə yuxuda, nə gerçəkdə heç kim yox idi.

       Zərifə gözlərini açanda ağ bir işıq gördü. Ağ tavan,  ağ yorğan. Divarlarda heç bir rəng yox idi. Qoxusu da yox idi bu yerin – ölüm kimi, soyuq məzar kimi idi.

– Haradayam?..

Səsi boğuq çıxdı. Başını tərpətmək istədi, amma bədəninə söz keçmirdi. Təkcə göz yaşları axırdı – özü hiss etmədən, özü anlamadan.

Qapı açıldı. Ağ xalatlı biri içəri girdi. Soruşdu:

– Adınız? Bilirsiniz, nə vaxtdan burdasınız?

Zərifə baxdı. Cavab verə bilmədi.

– Heç nə xatırlamırsınız?..

Zərifə susdu. Çünki həqiqətən də xatırlamırdı. Sadəcə içində izahsız bir boşluq vardı. Sanki kiminsə adını unutmuşdu, kiminsə gülüşünü, səsini, nəfəsini… amma o nəfəsin yoxluğu içini göynədirdi.

– Mən… kiməm? – dedi.

Səsi titrəyirdi. Gözləri doldu.

Və o anda çox böyük bir şeyin itdiyini hiss etdi.

Bəzən insan elə bir yerə düşür ki, ora nə torpaqdır, nə də göy… ora yaddaşsızlıqdır.

Zərifə uzun müddət adını belə bilmədən yaşadı. Onu xəstəxanaya gətirənlər sadəcə “qəza qurbanı” dedilər. Kimliyi yox, sənədi yox, yanında tanış bir insan yox idi. Sanki həyat bütün izlərini silmişdi. Əvvəlcə zaman hissi itdi – sabah nədir, dünən nə idi, bilmədi. Sonra səslər itdi – bir zamanlar tanış gələn, amma indi yadlaşan səslər. Və ən ağır olan – qoxular itdi. O qoxular ki, bəzən bir insanı bir ömrə qaytara bilərdi.

Bəzən gecələr oyanırdı – qəfil, tər içində. Əlini ürəyinə basırdı, sanki kimsə orda olmalı idi. Sanki… balaca əllər, balaca bir nəfəs… Amma boşluq idi.

Dodaqlarında bəzən səssiz adlar dolaşırdı:

– “M… Məl…”

– “Yu…”

Amma tamamlanmırdı, beyni imkan vermirdi.

     Tükəzban nənə Mələk və Yusifə doğma balaları kimi baxırdı. Onlara şəfqətlə qulluq edir, hər səhər saçlarını darayır, yeməklərini sevə-sevə hazırlayırdı. Ürəyindəki boşluğu bu iki körpənin varlığı ilə doldurmuşdu. Sevgisi sadə, səmimi və ana qədər dərindi. Onları qanından olmasa da, canından bilirdi. Hər baxışında bir doğma nəvazişi, hər toxunuşunda bir ömürlük sevgi vardı. Mələklə Yusifi canı  kimi qoruyur, onların hər qəhqəhəsində bir dünya qurur, hər göz yaşında isə içindən bir dünya dağılırdı. Sevmək üçün qan bağı lazım deyildi - nənə bunu ürəyi ilə sübut edirdi.

      Bəzən vaxt dayanır. Bəzən insan yaşamaqdan imtina etməz – sadəcə, yaşamaz. Zərifə üçün zaman artıq bir ölçü deyildi. Hər səhər bir gecənin davamıydı, hər gecə bir yuxunun uzantısı. Hər nəfəs bir qaranlıq, hər baxış – bomboş. Onu qəzadan sonra huşsuz tapmışdılar. Sənədləri yox idi. Nitqi yox idi. Heç adı da yox idi. Sadəcə bir qadın… yuxu ilə ölüm arasında ilişib qalmış bir qadın. Aylarla danışmadı. Həkimlər “psixogen amneziya” dedi. Sarsıntı, travma, itki… yaddaş, kimlik və ruh birlikdə donmuşdu. Sadəcə bəzən - gecələr qışqırırdı. Ayağa qalxıb qaranlığa baxırdı və adlar pıçıltı kimi dodaqlarından düşürdü:

— Mələk… Yusif… Mələk… mən burdayam…

Sonra yenə səssizlik. Gözləri donmuş, baxışları itmiş.

      Aradan xeyli müddət keçdi. Zərifə artıq kiçik, səssiz bir kəndin kənarında tibb məntəqəsinə bənzər bir binada yaşayırdı. Onu “Səssiz qadın” deyə çağırırdılar. Həkimlərin deməsinə görə, nitq mərkəzi zədələnməmişdi, sadəcə psixoloji bağ qırılmışdı. O bağ ki, bir insanı yaşamağa bağlayır.

Kəndin ucqar küçələrindən birində, axşamüstü sakitliyi göydə yellənən quşların səsi ilə pozulurdu. Günəşin son şüaları torpağın tozuna qarışır, hava qızıl narıncı rəngə boyanırdı. Mələk və Yusif, Tükəzban nənəylə bazardan dönürdülər. Nənə biraz geridə qalmışdı, uşaqlar isə qabaqda oynaya-oynaya irəliləyirdi. O an… bir səslə dayandılar.

Həmin an Zərifə də orada idi, o uşaqlarının şən səslərini eşidəndə anidən sanki ürəyi yerindən düşdü və həyəcanla qışqırdı:

– “Ay bala… nəfəsim çatmır…”

Səs zəif idi, titrək idi. Mələk dayandı. Qısa bir baxışdan sonra:

– “Yusif, səs bu tərəfdəndi!”

Uşaqlar səsin gəldiyi istiqamətə tərəf qaçdılar. Köhnə bir həyətin qarşısında bir qadın yerə yıxılmışdı. Üz-gözündən halsızlıq yağırdı. Saçları dağılmış, əlləri torpağa sıxılmışdı.

Uşaqlar yaxınlaşdılar… bir anlıq ayaq saxladılar.

Mələyin nəfəsi kəsildi, Yusifin gözləri böyüdü.

– “Bu… bu…” – Mələk pıçıldadı, səsi titrəyirdi.

Qadın başını qaldırdı. Baxışları bir anlıq uşaqlara toxundu. Əvvəlcə tanımadı. Sonra… bir işıq qığılcımı kimi gözləri genişləndi.

– “Yusif?… Mələk?”

Əllərini onlara uzatdı. Açıqlanmaz bir sarsıntı bədənini bürüdü. Əlləri əsdi, dodaqları tərpəndi, amma heç nə deyə bilmədi. Qəlbinin dərinliyindən qopan hisslər, beynindəki sükutu sındırdı.

– “Mən… sizi… tanıyıram… Mənim balalarım…”

O an huşu getdi. Zərifə  yerə yıxıldı. Həmin an dünya sanki dayanmışdı. Uşaqlar yerə çöküb ona sarıldılar. Mələk ağlayırdı, Yusifin əlləri titrəyirdi:

– “Ana… ana… sən bizə qayıtdın?”

Bir qədər sonra Tükəzban nənə də uşaqların yanına çatdı. Uzaqdan bir qadının yerə yıxıldığını və uşaqların həyəcanla ətrafında dövrə vurduğunu görəndə təlaşla irəlilədi. Uşaqları qoruma instinkti içində idi, amma qadına çatanda  anlaşılmaz bir titrəyiş baş qaldırdı.

— Ay bala… sənə nə olub? — deyə diz çökərək qadının üzünə baxdı.

Zərifəni tanımırdı. Onun kim olduğunu, hardan gəldiyini bilmirdi. Amma baxışlarında bir qəribə tanışlıq vardı. Daxilində dərin, izaholunmaz bir duyğu oyanmışdı - sanki bu qadının hekayəsi onun qəlbinin bir yerinə çoxdan toxunmuşdu. Uşaqlar həyəcandan titrəyir, gözlərini Zərifədən ayırmırdılar.

— Nənə… bu… bu bizim anamızdı… — Mələyin pıçıltısı havada dondu.

Tükəzbanın ürəyi sıxıldı. “Ana?” – deyə təkrarladı öz-özünə. Bu qadın… bu uzun müddət gözlədikləri, dua etdikləri… yoxsa…?

Əllərini uzadıb Zərifənin solğun yanağına toxundu. Dodaqları titrədi, qadın tərpəndi. Göz qapaqları əsdi. Uşaqlar bir addım da yaxınlaşdılar.

Zərifə gözlərini açdı. Əvvəlcə hər şey bulanıq idi. Tanımadığı bir qadın, tanış olmayan bir sima… amma… sonra… bir cüt kiçik göz… bir səs… “Ana…”

O an ürəyindən bir ağrı keçdi, sonra dərindən nəfəs aldı. Uşaqlarına baxdı - və içində dondurulmuş xatirələr qopmağa başladı. Gözlərindən yaş süzüldü,  qolunu uzatdı.

— Mələk… Yusif…

Tükəzban nənə bu səhnənin qarşısında sarsıldı. Qadının dediyi adlar… Onların adları… Bu qadın — Zərifə idi.

Bir neçə saniyəlik səssizlikdən sonra nənənin gözləri doldu. Dizlərini yerə qoyub pıçıldadı:

— Deməli… sənsən…

Zərifə ilk başda onu  tanımadı. Qorxdu, qarşısında tanımadığı bir qadın dayanmışdı. Uşaqlar isə onunla idi.

— Sən… sən uşaqlarımı niyə məndən ayırdın …? Onlar… mənim…balalarımdır..

Tükəzban nənə dodaqlarını sıxdı. Əllərini qaldırıb sanki ona toxunmadan izah etmək istədi:

— Sakit ol, bala… Mən onları qorudum… sadəcə qorudum. Heç kim yox idi… sən yox idin. Onlar tək idilər.

Zərifənin baxışları yavaş-yavaş yumşaldı. Uşaqlar onun dizlərinə sarıldı. Hər şey aydınlaşırdı,hər şey çözülürdü. Sükut içində, göz yaşlarının içində üç nəfərin ürəyi bir ritmdə döyünməyə başladı.

Anlaşılmazlıq susdu. Yerini bir anaya qovuşma və bir qadına təşəkkür aldı.

Mələk və Yusif oturmuşdu. Zərifə bir anlıq nəfəsini tutdu baxdı, gözləri doldu. Əllərini irəli uzatdı.

– “Siz… gerçəkdən… burdasınız?”

Yusif anasının  əllərini tutdu.

– “Bəli, ana. Geri döndün.”

Zərifə ağladı. Çoxdan susmuş ürəyi yenidən döyünməyə başladı. Hər şey – hər qaranlıq xatirə, hər itki, hər qopma – bir film kimi gözlərinin önündən keçdi. İllərin səssizliyi, bu iki uşağın səsi ilə dağıldı. Ana, nəhayət ki, övladlarını tanımışdı. Qucaqlaşdılar, göz yaşları, susqunluq və sonsuz rahatlıq iç-içə keçdi. Hər üçü birlikdə Tükəzban nənənin evinə gəldilər.  O başına gələn acı əhvalatı hamısını Tükəzban nənəyə danışdı. 

 “… Hüseyn… haradadır?.. Mən… onu tapmalıyam…”

Tükəzban nənənin gözlərində kədər və ümid qarışmışdı:

“O, səni axtarır, inanaq. Sən də gücünü yığ, sağalacaqsan.”

Zərifənin fikirləri dağınıq olsa da, içində yavaş-yavaş həyat işığı yanırdı. O,  yavaş-yavaş xatırladı - Hüseynlə, uşaqları ilə dolu xoşbəxt günləri.

Zərifə özündən xəbərsiz, sanki öz ruhuna sarılırmış kimi, sakitcə dedi:

“İndi onu tapmalıyam… Bərpa olmalıyam…”

Tükəzban nənə əlini onun əlinə qoydu, möhkəm və səmimi:

“Birlikdə tapacağıq. Burada, kənddə, yeni bir həyat başlayacaq.”

 Zərifənin gözləri açıldı, içindəki qaranlıq dağıldı. O, artıq tamamən geri dönürdü - ruhu tədricən yenidən doğulur, yaralarını sağaldırdı. Hər kəsin ürəyində dərin bir ümid yaranmışdı: itirdikləri parçaları bir-bir yerinə qoymaq mümkündü. Tükəzban nənə təkcə uşaqlara ana əvəzi olmurdu. O, Zərifənin də qəlbinə yaxın idi. Onun gecə yarısı səssiz ağlamalarını, səhərlər pəncərəyə baxaraq susqun dayanışını çox görmüşdü. Zərifənin xoşbəxtliyinin tək bir ünvanda — Hüseyndə olduğunu anlamışdı. Və bu anlayış onun içində bir qərar kimi bərkimişdi: “Bu ailəni parçalanmış halda buraxmayacağam.” Günlərlə, həftələrlə şəhər şəhər, küçə-küçə gəzir, qapı-qapı döyürdü. Hər ünvanda eyni sual:

— Hüseyn adlı bir adam… əgər sağdırsa, haradadır?

Bəziləri başını bulayır, bəziləri ümidsizcə “eşitmədik” deyirdi. Amma o, bir an da inamını itirmədi.

“O sağdır, mən onu tapacağam, tapmalıyam.”

Nə yorğunluq, nə yaş, nə yollar — Tükəzban nənənin  iradəsi qarşısında duruş gətirə bilmirdi.  Zərifəyə və o iki uşağa verdiyi səssiz söz, onu irəli aparırdı. Tükəzban nənə şəhərdə hər kəsdən, uşaqdan tutmuş ağsaqqalla  qədər  soruşurdu:

— Hüseyn adlı birini tanımırsınız?.. İti baxışlı, sakit, içində çox söz gizlədən yalnız bir adam…Günlər bu cümlənin ardınca sürüşüb keçirdi. Ayaqları şişirdi, dizləri ağrıyırdı, amma dayanmadı. Çünki bu axtarış onun üçün yalnız bir adamı tapmaq deyildi - bir ailəni tamam etmək,   övladın “ata” sözünü yenidən səsləndirməsinə körpü olmaq idi. Nəhayət… bir gün, köhnə bir çayxananın qarşısında oturmuş qoca bir kişi, nənənin səsini eşidib başını qaldırdı. Bir anlıq göz-gözə gəldilər. Kişi sanki nəyisə xatırladı, nəyisə tanıdı.

— Hüseyn… deyirsən ha… — qoca ağır-ağır dilləndi. — O oğlan buralardadır. Susqundur… çox danışmaz. Bir az aralıdakı uçub-dağılmış evdə qalır,tək. Gözlərində elə bil bütün dünya qaranlıq olub…

Tükəzban nənənin içində nəsə qopdu. Əllərini sinəsinə sıxdı, göz yaşını saxlaya bilmədi.

— Sağ ol, ay ağsaqqal… sən bilirsən,  bir ailənin həyatını dəyişdin…

Qoca qadın o evə doğru tələsdi. Ayaqları əsə-əsə, ürəyi döyünə-döyünə. Həyətdə köhnə qapı aralı idi. Qapını döymədi, sadəcə baxdı. Və Hüseyn orada idi. Otağın bir küncündə oturmuşdu. Üz-gözündə saqqal, baxışlarında isə tükənmişlik. Onu bu qədər sarsılmış görmək — Tükəzban nənəyə güc yox, bir övladına yanan ananın təpərini verdi.  Hüseynə ehmalca yaxınlaşaraq Tükəzban nənə titrək səslə:

— “Sənin uşaqların… həyat yoldaşın… mənim yanımdadır. Sağdırlar, səni gözləyirlər. Sən onların son ümidisən…” dedi.

Hüseyn yerində diksindi. Sanki illərlə ürəyində daş kimi gəzdirib gizlətdiyi bir yük birdən-birə çiyninə çökdü. Gözləri doldu, nəfəsi daraldı. Dizləri titrədi, sanki yer onu saxlamaq istəmədi. Əlləriylə başını tutdu, dodaqları titrəyirdi:

— Mən… mən gecikdim? Onları çox axtardım, hər gecə dua etdim… amma… mən onları… qoruya bilmədim…

Səsi parçalandı. Sanki içindəki illərlə boğulmuş vicdan əzabı dilə gəlmişdi. Bütün hissləri, itirdiyi zaman, çarəsizlik və ağrı o an qopub üzünə çökdü. Tükəzban nənə yavaşca yaxınlaşdı. Hüseynin qaralmış baxışlarına baxdı. Onun nə qədər əzab çəkdiyini bir ana ürəyi ilə duydu. Əyilib əllərindən tutdu, səsini titrəyən şəfqətlə yumşaltdı:

— Yox, bala… sən gecikmədin. Allah sevdiklərini sənə geri verdi. Onlar səni gözləyir, gəl gedək.

Bir anlıq sükut oldu. Sonra Hüseyn başını qaldırdı. İlk dəfə idi ki, bu qədər dərindən nəfəs aldı. Tükəzban nənənin əlindən tutdu — iki ömrün qovuşduğu o anda.

— Gəl… mənimlə gəl, oğul. 

Onlar gəlib Tükəzban nənənin evinə çatdılar. Qapı aralandı, Zərifə Hüseyni görən kimi qışqırıq boğazında düyünləndi, gözlərinə inanmadı. Hüseyn gördüyü mənzərə qarşısında donub qalmışdı, bu olanlar ona yuxu kimi gəlirdi. Bir müddət sonra Zərifə və Hüseyn özlərinə gəldilər, bir-birilərinə elə möhkəm sarıldılar ki, bu səhnə qarşısında Tükəzban nənə sevincdən hönkür-hönkür ağlamağa başladı. Bir azdan uşaqlar səs-küyü eşidib otaqlarından çıxdılar, atalarını görüb sevincdən elə möhkəm qışqırdılar ki:

— ATA!!!

Hüseyn diz çökdü. İkisini də,  Mələyi və Yusifi — bağrına basdı. Ürəyinin döyüntüsü titrək, gözləri dolu idi. Əlləri əsə-əsə cibindən kiçik bir qutu çıxardı. İçində illər əvvəl söz verdiyi balaca oyuncaq saat vardı. Bu, sadəcə bir saat deyildi — bu, ayrılığın, göz yaşlarının, duaların içində qorunan bir vəd idi.

— Mən sənə söz vermişdim, oğlum… Bax, gətirdim. Gecikdim… amma unutmadım.

Yusif saatı əlinə aldı. Əlləri titrəyirdi, göz yaşları yanaqlarından süzülürdü. Əlindəki saata baxa-baxa hıçqırdı, sonra atasının boynuna sarılıb pıçıldadı — elə bir səslə ki, insanın qəlbinə toxunurdu:

— Ata… bu saat… sadəcə vaxtı göstərməsin… bu saat bizim qəlbimizin döyüntüsü olsun, bu saat desin ki, biz heç vaxt ayrılmayacağıq, ata… heç vaxt…

Sükut içində Hüseyn oğlunun başını sinəsinə sıxdı. O an yalnız  saatın səsi eşidilirdi — tıqqıltısı, elə bil onların ürəklərinin birgə döyünməsi idi.

Zərifə, bir əli sinəsində, bir əli gözündə göz yaşını silərək irəlilədi. Gözləri Hüseynin gözlərinə baxdı. İlk kəlmələri titrəyərək çıxdı:

— Biz bir daha heç vaxt ayrılmayacağıq… elə deyilmi?

Hüseyn cavab vermədi. Sadəcə başını əyib alnını Zərifənin əlinə söykədi. Göz yaşları onun ovcuna damdı. Tükəzban nənə uzaqdan baxırdı, gülümsəyirdi. Amma içində min qırıq xatirə, min dua ilə… Bu sadəcə bir qovuşma deyildi. Bu — bir ailənin, yenidən doğuluşu idi

     Hüseyn uşaqlarına sarıldıqca elə bil illərin ağrısı, həsrəti, peşmanlığı  göz yaşına çevrilib boşalırdı. Onları bağrına basarkən dizləri yerə qatlandı. Sanki bu torpağın özü də onunla birlikdə səcdəyə getdi. Göz yaşları səssizcə yanaqlarından süzülürdü — bu göz yaşlarında həm sevinc, həm şükür, həm də gecikmiş bir ata ürəyi vardı. Başını göyə qaldırdı. Göylərə, illərdir içində daşıdığı duaların ünvanına…Əllərini açdı, titrəyən dodaqlarıyla pıçıldadı:

— İlahi… sənə şükürlər olsun… onları mənə yenidən bəxş etdin. Məni bağışladın… ailəmi qorudun… bu anı yaşamağa izn verdin… Sən məni yenidən diriltdin…

Uşaqlar onun qucağında idi, amma sanki o, bu dünyadan qopmuşdu. Qəlbi Tanrıya yüksəlmişdi. O an anlayırdı: həyat ona ikinci bir şans vermişdi — sevmək və ailəsi üçün yaşamaq şansı.

Yusif onun əlindən tutdu,  əliylə atasının göz yaşını sildi:

— Ata… bax, biz birlikdəyik. Hüseyn, sanki bir ömürlük əhd bağladı. Yusifə, Mələyə baxdı, Zərifəyə baxdı… və sonda gözlərini Tükəzban nənəyə çevirdi, susdu. Çünki bəzən insanın yaşadığı duyğular sözə sığmaz. Hüseynin baxışlarında bir səcdə vardı — həm Tanrıya, həm həyatda qarşısına çıxan o müqəddəs qadına. Bəzən həyat, bizi ən qaranlıq yollarla ən parlaq işığa aparır. İtirdiyimizi sandığımız anlarda, əslində özümüzü taparıq. Qırıldığımız yerlərdən işıq süzülər. Ailə — bəzən doğulmaz, qurular. Və o qurulan bağlar qanla deyil, ürəkdəki izlə toxunur. Çünki bu dünyada ən böyük möcüzə — yenidən başlaya bilməkdir. Və əgər hekayə hələ xoşbəxtliklə bitməyibsə, deməli, hələ son deyil. Həyat bəzən insanı ən ağır sınaqlarla qarşılaşdırır — itkilərlə, qopmalarla, göz yaşları ilə. Amma bu sınaqlar qaranlıq ləkələr deyil, ruhun dərinliklərinə yazılan unudulmaz hekayələrdir.

    Ailə isə… deməkdir ki, nə baş verərsə versin, bir-birimizin içindəki işığı söndürməyəcəyik.

Beş nəfər — Hüseyn, Zərifə, Mələk, Yusif və Tükəzban nənə — artıq bir ailə idilər. Qan bağları olmasa da, qəlbləri bir-birinə toxunmuşdu.

Zərifə, keçmişin ağrılarını tədricən sağaldaraq Tükəzban nənəyə baxdı və titrək səslə dedi:

— “Sən bizim sığınacağımız, işığımız oldun. Həyatımızı yenidən qurduğun üçün sonsuz təşəkkürlər.”

Hüseynin gözlərində dərin minnətdarlıq vardı:

— “Sən sadəcə yaşlı bir qadın deyilsən. Sən bu ailənin damarlarındakı qandan da güclü bir bağsan. Sənin səbrin, mərhəmətin, sevgin olmasaydı — biz bu gün burada olmazdıq.”

Mələk və Yusif isə Tükəzbanın əllərindən yapışdılar. Onlar üçün o, sadəcə qoruyucu bir qadın deyil, ana, dost və ümidin siması idi.

Ailə qanla deyil, qəlblə yaranır. Əsl ailə — bir-birinin ağrısına şərik olan, sevgini və gələcəyi paylaşan insanlardır.

Tükəzban nənə onların qaranlığında bir çıraq, yollarında bir yol, içlərində isə əbədi bir iz buraxdı.

Əsl ailə, insanın qəlbində doğulur — və orada ölməz olur.

     Həyatda hər şey itirilə bilər — evlər, yollar, yaddaşlar… Amma sevgiyə sığınan ruhlar heç vaxt tam itməz. Və elə bu səbəbdən, bəzi insanlar bizim həyatımıza qan bağı ilə yox, qurtuluş kimi daxil olar. Tükəzban nənənin varlığı sübut etdi ki, ailə təkcə eyni soyadda gizlənmir, bəzən bir övladı ovuc içində qoruyan bir qadının sükutu, min illik bağdan daha möhkəm olur. 

    “Ailə yalnız qanla ölçülməz; əsl ailə, qəlblərin birlikdə döyündüyü, sarsılmaz etibar və şübhəsiz sevgiyə büründüyü yerdə yaranar. Qan bağları yalnız başlanğıcdır, ailənin əsası isə bir-birinin ruhuna sığınmaq və qarşılıqsız sevgi ilə birləşməkdir.”

     Hər sönən işıq, içimizdə yenidən doğmaq üçün bir işığa çevrilir. Hər son… əslində yeni bir başlanğıcın pıçıltısıdır.

Məryəm Bağırova



Sizin reklam burada
Sizin reklam burada