"Səni ancaq analar anlayar"

"Səni ancaq analar anlayar"
14:33

Xəbər verdiyimiz kimi milli-mənəvi dəyərlərimizə zərbə vuran bəzi telelayihələrin yayımına son verilib. Fəaliyyəti dayandırılan telelayihələrdən bir də Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişidir.

Bu verilişin bağlanmasına bəzi insanlar təəssüflənib. Onlardan biri də jurnalist Zülfiyyə Qurbanovadır.

News365.az xəbər verir ki, o özünün sosial səhifəsində fikirlərini belə ifadə edib:

“Bilirəm, "Səni axtarıram" sənin balandır, ikinci oğlundur. Həmişə belə demisən. Yeni doğulanda qucağına alıb ATV-yə apardın. Çox qısa müddətdə dünya azərbaycanlılarını mavi ekran qarşısında birləşdirən qüvvə olmağı bacardı. İkiniz də sevildiniz. "Səni axtarıram" ən çox baxılan proqram, Xoşqədəm Hidayətqızı ən çox sevilən teleaparıcı oldu. Amma bu sevgini həzm edə bilməyənlər balanı döydülər, incitdilər, şərlədilər. Sən də balanı bağrına basıb uzaqlaşdın. ANS-ə pənah apardın. ANS bağlananda "Səni axtarıram" artıq yeriyirdi, əlindən tutub "Xəzər"ə üz tutdun. Orada daha da sevildi, böyüdü, gücləndi. Tamaşaçıların pənah yeri oldu. Minlərlə insanın həsrətinə son qoydu, xəstələrə şəfa oldu, evsizə ev, kimsəsizə dayaq, köməksizə çarə oldu. Saysız-hesabsız xeyriyyə aksiyaları həyata keçirdin. Qocaların qızı, cavanların bacısı oldun.

Amma qısqanclıqlar burada da davam etdi. Birlikdə ARB-ni seçdiniz. Burada da sevildi. Çünki tamaşaçı kanalı ""Səni axtarıram"a görə seçirdi. 80 yaşlı anam kimi.

İndi "Səni axtarıram" 16 yaşlı yeniyetmədir. Çox hücumlardan, çox pisliklərdən qorudun. Amma efir siyasətinin nə olduğunu bilməyən qeyri-peşəkarların kütləyə hesablanmış sosial layihələrinin virusundan qoruya bilmədin. Əziyyətlə bu yaşa gətirdiyin övladın reytinq xəstəliyinə yoluxdu. Övladını itirməmək üçün ağlayaraq, üsyan edərək davam etdin. Səni ancaq analar anlayar.

Reytinqə qarşı antivirus icad etmək əvəzinə ölümünə hökm verdilər...

Bunu da bilirəm ki, sən çox güclüsən və balanı ölüm hökmündən xilas edəcəksən!”

News365.az


Sizin reklam burada
Sizin reklam burada