Şəmkirdə Aqrar Biznes Festivalının açılış mərasimi keçirildi- FOTOLAR

Şəmkirdə  Aqrar Biznes Festivalının açılış mərasimi keçirildi- FOTOLAR
12:43

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzi tərəfindən təşkil olunan silsislə xarakterli Aqrar Biznes Festivalının növbəti dayanacağı Şəmkirdə olub.

Şəmkir Rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan festivalın açılış mərasimi Şəmkir rayon Heydər Əliyev Mərkəzində baş tutub. 

Tədbirin açılış mərasimində çıxış edərək, tədbir iştirakçılarını salamladıq və aqrar sektorun milli iqtisadiyyatın strateji istiqamətlərindən biri olduğunu vurğuladıq. 

Şəmkirin kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə respublikada lider olduğunu qeyd edərək yüksək nəticələrin əldə olunmasında dövlət tərəfindən sektorun inkişafı üçün yaradılan şəraitin, tətbiq edilən güzəşt mexanizmlərinin xüsusi önəm kəsb etdiyini bildirdik. 

2023-cü ildə rayonda 746,7 milyon manatlıq kənd təsərrüfatı məhsulunun istehsal edildiyini, 2024-cü ildə isə bu göstəricinin daha da artırılaraq 795,5 milyon manata çatdırıldığını vurğulayaraq, davamlı və dayanıqlı inkişafın təmin olunması üçün qarşıda duran mühüm vəzifələrdən və çağırışlardan bəhs etdik. 

Bildirdik ki, kənd təsərrüfatının idarə olunmasında müasir texnologiyaların, innovativ yeniliklərin tətbiq olunması, rəqəmsallaşdırma sahəsində işlərin sürətləndirilməsi, alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması, torpaq və su resurslarından səmərəli istifadənin təşviqi aqrar sektorun inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Daha sonra çıxış edən Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov silsilə xarakterli Aqrar Biznes Festivallarının mərhələli şəkildə respublikanın bütün bölgələrində keçirildiyini bildirdi. Qeyd etdi ki, festivalların keçirilməsində məqsəd rayonların kənd təsərrüfatı sahəsində potensialını nümayiş etdirmək, fermerləri innovativ həllərə əsaslan texnoloji yeniliklərlə bağlı məlumatlandırmaq, dövlət və özəl qurumlar arasında əməkdaşlığı gücləndirmək, bu sahədə fəaliyyət göstərən şirkətlər arasında təcrübə mübadiləsini təmin etməkdir.

Tədbirdə çıxış edən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev keçirilən festivalın fermerlər tərəfindən rəqabətqabiliyyətli yüksək məhsuldar sertifikatlı tərəvəz toxumlarına əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb, festivalın stendlərində bu qəbildən olan müxtəlif toxumların nümayiş etdirildiyini, həmçinin fermerlərə bu istiqamətdə məsləhət xidmətlərinin göstərildiyini bildirdi.

Daha sonra festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirildi. Müzakirədə çıxış edən natiqlər dövlət tərəfindən kənd təsərrüfatı sahəsində göstərilən dəstək mexanizmləri, güzəştlər, subsidiyalar, həmçinin aqrar sığorta mexanizmi haqqında məlumat verib, fermerlərin suallarını cavablandırdılar.


Sizin reklam burada
Sizin reklam burada