Səməd Vəkilovun kitabının təqdimatı keçirilib -FOTO

Səməd Vəkilovun kitabının təqdimatı keçirilib -FOTO
30 Okt 2024 16:56

AMEA-nın akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsi çərçivəsində Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri Səməd Vəkilovun Qərbi Azərbaycandan Etnik

Təmizləmənin Sonuncu Mərhələsi (1987-1991) Çalxanqalaya Köç adlı kitabının təqdimatı keçirilib.

News365.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, tarixçi alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, rəyçi ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix ü.f.d Leyla Calalova, redaktorlar Cəsarət Hüseynzadə və Möhübbət Məmmədovdur.  Kitabda tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991).

Çalxanqalaya köç” adlı kitabda sonuncu etnik təmizlənmənin başlanması fonunda Qarabağın Ermənistana birləşdirilməsi “hərakatının” ideoloqları və eyni zamanda bu hadisələr zəminində təşkil edilmiş Sumqayıt təxribatı, Quqark faciəsi, Hamamlı (Spitak) zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış, həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır. 

Təqdimat mərasimində açılış nitqi ilə çıxış edən Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Azərbaycanın hazırkı güclü mövqeyini vurğulayıb və tarixdən dərs alınmasının önəmini diqqətə çatdırıb. O, Azərbaycanın tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyduğunu qeyd edərək, bu mərhələnin dəyərini xalq olaraq bilməyin vacibliyini vurğulayıb: "Bizim bu günkü Azərbaycanımız çox güclü, tarixdə heç olmadığı qədər güclü bir mərhələyə qədəm qoyur və bu mərhələdən də biz millət olaraq, xalq olaraq bunun dəyərini bilməliyik. Necə ki, zamanında dəyərləndirmədiyimiz hadisələr sonradan faciə kimi üstümüzə qayıdır." 

Komitə sədri təqdim edilən kitabın Qərbi Azərbaycanda iki dəfə soyqırıma məruz qalan bir kəndin taleyini işıqlandırdığını bildirib. Sadiq Qurbanov kitabda yer alan tarixi faktların ürəkağrısı ilə oxunduğunu vurğulayaraq, günahsız gənclərin faciəvi taleyindən bəhs edib. O, Əhməd Əhmədovun həyat hekayəsini xüsusi vurğulayıb və onun haqsızlıqlara məruz qaldığını ifadə edib. 

S.Qurbanov Azərbaycanın keçmişdə yaşadığı faciələri xatırlayaraq, bu cür tarixi dərslərdən ibrət alınmasının vacibliyini qeyd edib və gələcək nəsillərə bu tarixin doğru çatdırılması üçün belə nəşrlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Əhməd Əhmədovun yaxınları da iştirak edib və onun uğrunda mübarizə apardığı dəyərlər bir daha yad edilib.  Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycana olan bağlılığını vurğulayaraq, “Qərbi Azərbaycan doğma yurda qayıdışa şansımızın olduğuna görə cənab Ali Baş Komandana eşq olsun!” dedi. O, Qərbi Azərbaycandan olduğunu və babası İbrahim Mirzəli, tanınmış el ağsaqqalı, şair olduğunu qeyd edərək, ailəsinin tarixi irsindən söz açdı.

“Dayım Həsən Mirzəyev Qərbi Azərbaycanın ilk araşdırmacılarından biridir. O, araşdırmalarını ərəb əlifbası ilə yazıb, gizlədərək saxlayıb. Dəftərləri cırılıb, pis vəziyyətə düşsə də, onları qoruyuram. Dərələyəz mahalının toponimləri, şivə sözləri və tarixi adları haqqında məlumatları latın əlifbasına tərcümə etdirmişəm” – deyə professor Mahirə Hüseynova qeyd edib. 

Mahirə Hüseynova kitabdakı məzmunun tarixi faktlara əsaslandığını bildirərək deyib: “Mən hekayələr mövzusunda yaradıcı insanam, lakin "Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç" kitabındakılar hekayə deyil, həqiqətdir, tarixi faktdır. Burada türkün başına gətirilən oyunlar öz əksini tapıb".



Youtube kanalımız

Oxşar xəbərlər