Sabirabad rayonunun Bala Həşimxanlı kəndində gecə saat 04:00 radələrində baş vermiş güclü yanğın bir ailəni evsiz qoyub. Hadisə nəticəsində Məmmədovlar ailəsinin 6 üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Yaralananlar aşağıdakılardır:
• 38 yaşlı Məmmədov Xalid Ələddin oğlu
• 34 yaşlı Məmmədli Həmidə Heydər qızı
• 13 yaşlı Məmmədli Yasəmən Xalid qızı (vəziyyəti kritikdir)
• 12 yaşlı Məmmədova Nərmin Xalid qızı
• 10 yaşlı Məmmədov Nihad Xalid oğlu
• 3 yaşlı Məmmədov Riyad Xalid oğlu
Hadisə şahidlərinin bildirdiyinə görə, 13 yaşlı Yasəmən atasını xilas etmək üçün yanan evə daxil olub. Atası pəncərədən çıxmağı bacarsa da, Yasəmən alovların içində qalıb. Son anda onu ağır vəziyyətdə evdən çıxarmaq mümkün olub. Həkimlər onun vəziyyətini kritik ağır kimi qiymətləndirirlər.
Qohumları bildirirlər ki, ailə üzvləri evdə yatdıqları zaman yanğın başlayıb və heç bir əşyanı xilas etmək mümkün olmayıb. Yanğın nəticəsində 160 kvadratmetrlik fərdi yaşayış evi tamamilə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan və Sabirabad Yanğından Mühafizə Xidmətlərinin briqadaları cəlb olunub. Lakin ərazi relyefinə görə yanğınsöndürən avtomobillərin hadisə yerinə daxil olması mümkün olmayıb. Yanğın yaxınlıqdakı kanaldan xüsusi nasoslar vasitəsilə su çəkilərək söndürülüb.
İlkin ehtimallara görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
***
Sabirabadda yaşayış evinin yanması nəticəsində bir ailənin 6 üzvü yanıq xəsarəti alıb.
News365.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Bala Həşimxanlı kəndində qeydə alınıb.
Məmmədovlar ailəsinə məxsus fərdi yaşayış evinin yanması nəticəsində 1991-ci il təvəllüdlü Həmidə Heydər qızı Məmmədli, 2012-ci il təvəllüdlü Yasəmən Xalid qızı Məmmədli (vəziyyəti ağırdır), 2013-cü il Nərmin Xalid qızı Məmmədova, 2015-ci il təvəllüdlü Nihad Xalid oğlu Məmmədov, 2022-ci il təvəllüdlü Riyad Xalid oğlu Məmmədov və 1987-ci il təvəllüdlü Xalid Ələddin oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.
Sabirabad rayonunun Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində 160 kvadratmetrlik ev əşyaları ilə birlikdə yanıb.
Faktla bağlı araşdırma aparılır