Rusiya ordusu bu gecə də Kiyevə hücum etdi

Rusiya ordusu bu gecə də Kiyevə hücum etdi
10:37

18 may gecəsi Rusiya pilotsuz uçuş aparatları ilə Kiyev və Kiyev vilayətini hücuma məruz qoyub. Zərbə nəticəsində bir qadın həlak olub, həmçinin yaralananlar var.

Kiyev vilayət administrasiyasının rəhbəri Nikolay Kalaşnik bu barədə özünün Telegram-kanalında yazıb.

“Təəssüf ki, düşmənin hava hücumu nəticəsində Kiyev vilayətinin Obuxov rayonunda qadın aldığı xəsarətlərdən dünyasını dəyişdi.”, deyə o, qeyd edib.

Administrasiya rəhbəri əlavə edib ki, üç nəfər – o cümlədən dörd yaşlı uşaq – yaralanaraq xəstəxanaya çatdırılıb. Partlayışın təsirindən bir fərdi yaşayış evi qismən dağılıb, qonşu çoxmərtəbəli binanın pəncərələri sınıb. Bundan əlavə, vilayətin Fastov rayonunda kombikorm zavodunun ərazisində yanğın baş verib.

Gecə boyunca Kiyev vilayətində bir neçə dəfə hava həyəcanı elan edilib, bölgədə hava hücumundan müdafiə sistemi işə düşüb.

Qeyd edək ki, 17 mayda Rusiya hərbçiləri Sumı vilayətində sərnişin avtobusuna zərbə endirərək 9 nəfərin həlakına, 7 nəfərin yaralanmasına səbəb olmuşdu. Habelə 16 may gecəsi Rusiya silahlı qüvvələri Odessa vilayətini bombardman edib, bir neçə nəfər xəsarət almışdı.


Sizin reklam burada
Sizin reklam burada