Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!
15:40

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb. Namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 13-dən 17-dək //www.e-gov.az/az/services/read/3149/1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edə bilərlər.

Bu barədə News365.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

DİM ixtisas seçimində iştirak edənlərin nəzərinə çatdırır ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Xatırladaq ki, avqustun 10-da keçirilmiş imtahanda iştirak edən 901 namizəddən 610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.


Sizin reklam burada
Sizin reklam burada