"Regionda təhlükəsizlik tədbirləri hərbiləşdirilmiş formada həyata keçiriləcək" - İlham İsmayıl

"Regionda təhlükəsizlik tədbirləri hərbiləşdirilmiş formada həyata keçiriləcək" - İlham İsmayıl
17 İyl 2025 13:04

İki mərhələli yoxlamaların yerli hökumətlə birgə həyata keçirilməsi planlaşdırılır.

Bu barədə təhlükəsizlik eksperti İlham İsmayıl News365.az-a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, təkcə giriş-çıxışa nəzarətlə kifayətlənmək olmaz – həmin ərazidə fəaliyyət göstəriləcəksə, bu, daha geniş təhlükəsizlik tədbirlərini tələb edir.

Ekspert qeyd edib ki, bu nəqliyyat dəhlizindən yalnız Azərbaycan məhsulları deyil, eyni zamanda Çin, Mərkəzi Asiya və Türkiyədən gələn yüklər də istifadə edəcək. Bu səbəbdən təhlükəsizlik məsələsində balanslı və qarşılıqlı razılaşdırılmış mexanizmlərə ehtiyac var.

İlham İsmayıl əlavə edib ki, bəzi bölgələrdə, məsələn, Türkiyə-İran sərhədində və ya Rusiyanın nəzarət etdiyi ərazilərdə nəzarət 50/50 prinsipi ilə həyata keçirilir. Bu təcrübənin burada da tətbiq olunacağı ehtimal edilir. Lakin təhlükəsizliyin tamamilə qarşı tərəfin nəzarətinə verilməsi mümkün deyil və bu məsələdə hərbiləşdirilmiş mühafizə tədbirləri labüddür.

“Təhlükəsizliyi yalnız Avropa Mülki Missiyası ilə təmin etmək mümkün deyil. Çünki bu məsələ ilə bağlı ən narazı qalan tərəflərdən biri Rusiyadır, digəri isə İrandır. Onların bu bölgədə təxribat törətməyə çalışacağı istisna deyil,” – deyə ekspert bildirib.

İlham İsmayıl hesab edir ki, təxribatların qarşısını almaq üçün təhlükəsizlik Ermənistan tərəfi ilə koordinasiyalı şəkildə təmin ediləcək. Bununla da bölgədə sabitliyin qorunması və daşımaların təhlükəsiz həyata keçirilməsi mümkün olacaq.


Sizin reklam burada
Sizin reklam burada