Qış Olimpiya Oyunlarına qatılan İsveçrə qadın hokkey komandası norovirus səbəbindən karantinə alınıb.
Bu barədə İsveçrə Buz Hokkeyi Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, qadın hokkeyçilərdən birində norovirus aşkar edildikdən sonra komanda təcrid olunub.
"Norovirus testinin müsbət nəticəsi yalnız Çexiya ilə matçdan sonra və oyunların açılışından qısa müddət əvvəl alınıb. Yoluxmuş idmançı Olimpiya Kəndinə gəldiyi andan etibarən ayrıca otaqda qalıb və simptomların ortaya çıxmasından sonra təcrid olunub. Fevralın 6-sı səhərdən bəri xəstəlik əlamətləri müşahidə olunmayıb. Lakin ehtiyat tədbiri olaraq bütün komanda karantinə alınıb. Başqa heç bir hokkeyçidə simptomlar aşkar edilməyib", - federasiyadan bildirilib.
Xatırladaq ki, fevralın 6-sı İtaliyanın Milan şəhərində XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Olimpiadada 90-dan çox ölkədən 2 800-dən artıq idmançı iştirak edir. Səkkiz idman növü üzrə 116 dəst mükafat uğrunda mübarizə aparılacaq.