Qəfil ürək ölümü ilə bağlı VACİB XƏBƏRDARLIQ

Qəfil ürək ölümü ilə bağlı VACİB XƏBƏRDARLIQ
10:14

Əvvəllər ölüm deyiləndə ağıla yaşlı nəsil nənə -babalar gəlirdi. Ancaq, son illərdə ölüm yaşı cavanlaşıb. Gənclərin qəfil ürək tutmasından dünyasını dəyişməsi nə ilə bağlıdır?

Kardioloq, Dr. İdris Xəlilov News365.az-a qəfil ürək ölümü (QÜÖ) ilə bağlı ictimaiyyətə mühüm məlumatlar verib.

Onun sözlərinə görə, QÜÖ adətən 1–2 saat ərzində qəfil şəkildə baş verən və çox vaxt mədəciklərin fibrilasiyası nəticəsində ürəyin dayanması ilə müşahidə olunur.

QÜÖ ən çox kimlərdə baş verir?

Həkimin açıqlamasına əsasən, QÜÖ bu kateqoriyalara aid insanlarda daha çox qeydə alınır:

1. Ürək xəstəliyi olan şəxslər

QÜÖ hallarının təxminən 80%-i ürək damarlarının qismən və ya tam daralması nəticəsində baş verir.

2. Gizli ürək xəstəliyi olub, müayinədən yayınan şəxslər

Bu qrupda olan insanlar həkimə müraciət etmək əvəzinə “bankə”, “zəli” kimi qeyri-tibbi üsullara üstünlük verirlər.

3. Müayinə ilə aşkar edilməsi çətin olan xəstəliklər

Bəzi ürək ritmi və keçiricilik pozuntuları tranzitor xarakterli olduğundan hətta geniş check-up zamanı belə görünməyə bilər. Bunlara səyirici aritmiyalar, ventrikulyar ekstrasistolalar, Bruqada sindromu və digər ritm patologiyaları daxildir.

4. Tam sağlam görünən şəxslər

Xüsusilə idmançılarda ciddi fiziki və emosional yüklənmə zamanı qəfil ürək ölümü faktları müşahidə edilə bilər.

Yaş qrupları üzrə statistika

Mütəxəssis QÜÖ-nün yaşa görə dəyişən statistikasını da açıqlayıb:

Uşaqlar və 18 yaşadək: ildə 100.000 nəfərə 1–2 hal.

Səbəblər anadangəlmə ürək xəstəlikləri və genetik sindromlardır.

18–35 yaş: ildə 100.000 nəfərə 2–5 hal.

35–65 yaş: ildə 100.000 nəfərə 50–100 hal.

Səbəblər arasında koronar arteriya xəstəliyi, infarkt, ürək çatışmazlığı, dərmanların, narkotik və alkoqolun təsiri yer alır.

65 yaşdan yuxarı: ən yüksək insident – ildə 100.000 nəfərə 150–200-dən çox.

Kişilər niyə daha çox risk altındadır?

Kardioloq bildirir ki, kişilər bütün yaş qruplarında qadınlara nisbətən daha çox QÜÖ riski ilə üzləşirlər.

Bunun səbəbləri arasında zərərli vərdişlər, fiziki hərəkətsizlik, hipertoniya, şəkərli diabet, piylənmə və ailəvi risk faktorları qeyd olunur.

Profilaktika üçün tövsiyələr

Həkim prosesi vaxtında aşkar etməyin vacibliyinə toxunaraq bunları tövsiyə edib:

40 yaşdan sonra müntəzəm kardioloji müayinə,

Ürək, qarın və ya kürək nahiyəsində yaranan hər hansı diskomfortda həkimə müraciət,

Risk faktorlarının idarə edilməsi,

Genetik xəstəliklərin skrininqi,

Yüksək riskli xəstələrdə implantasiya edilən kardioverter-defibrilatorların (ICD) tətbiqi.

Prof. Dr. İdris Xəlilov Media qurumlarına çağırış etdi, statistika QÜÖ-nün geniş yayılmış hal olmadığını göstərir. O, KİV-i əsassız panika yaratmamağa, əksinə, mütəxəssislərin fikirlərinə əsaslanaraq əhalinin maarifləndirilməsi ilə məşğul olmağa çağırıb.


Sizin reklam burada
Sizin reklam burada