Qaçqın statuslu dövlət katibi - Rubio kimdir...

Qaçqın statuslu dövlət katibi - Rubio kimdir...
09:20

“Vaşinqton Post”da 20 oktyabr 2011-ci ildə çap olunan məqalə ABŞ-ni silkələyir. “Marko Rubionun cəlbedici ailə hekayəsi faktları bəzəyir, sənədlər göstərir” başlıqlı yazıda sənədləşdirilmiş sübutlar təqdim edilir. Rubionun siyasi karyerasını cilalayarkən tez-tez təkrarlanan, “Fidel Kastro hakimiyyətə gəldikdən sonra ailəsinin Kubanı tərk etmək məcburiyyətində qalması” ilə bağlı iddialar alt-üst olunur.   Həmin sənədlərə görə, ailə Kuba inqilabından təxminən 2,5 il əvvəl, 1956-cı ildə ABŞ-yə gəlib...

Miqrantların düşməni olan köçkün...

2016-cı il martın 5-də isə “Nyu-York Tayms” nəşrində dərc olunan məqalə növbəti bir “şillə” sayıla bilərdi. “Marko Rubionun siyasəti vaxtında həyata keçirilsəydi, bu ölkəni babası kimi insanların üzünə bağlaya bilərdilər” başlıqlı yazı çap edilir. Məqalədə Rubionun şəxsi hekayəsi ilə antimiqrant mövqeyi arasındakı ziddiyyətə diqqət çəkilir.

Bəli, bu, o zaman idi ki, Marko Rubio 2016-cı ildə Respublikaçılar Partiyasından Trampa qarşı prezidentlik kampaniyası zamanı sərt miqrasiya siyasətini müdafiə etmişdi. Həmin dövrdə gənc senator immiqrasiya qanunlarını sərtləşdirmək üçün Suriya və İraqdan olan qaçqınları qəbul etməməyə çağırırdı. Axı bu necə ola bilərdi? Ailəsi Kubadan köçmüş Marko özü qaçqın axınına qarşı çıxırdı...

Babasını ona xatırladanda isə Rubio “o vaxtla indi arasında fərq var və İslam dövləti kimi xarici elementləri cəlb edə biləcək sızmalar çox təhlükəlidir” deyərək məsələni yayındırmağa çalışmışdı. O, “O zamanlar, Fidel Kastronun adına silahdan atəş açan və insanları öldürən qatillərlə ABŞ-yə sızmaq cəhdləri ümumi deyildi” söyləyərək tutduğu mövqeyə bəraət qazandırmaq istəmişdi. 

Rubio ailəsinin Birləşmiş Ştatlara köçü haqda da ziddiyyətli məlumatlar var. Xüsusən də onun babası ilə bağlı indiyə qədər skeptik yanaşmalar qalmaqdadır. Bu xüsusda yenə də “Nyu-York Tayms” yazır: “Cənab Qarsia 1962-ci ildə Mayamiyə enəndə "soyuq müharibə" paranoyası ən yüksək həddə çatmışdı və ABŞ rəsmiləri Kuba casuslarının ölkəyə sızma cəhdləri ilə bağlı yüksək səviyyədə xəbərdar idi. Kuba raket böhranına isə bir neçə həftə qalmışdı..."

Hətta Marko Rubioya eyhamla replika verilir ki, müdafiə etdiyi antiimmiqrant siyasəti keçmiş dövrlərdə olsaydı, babasını tanımazdı. Çünki 1984-cü ildə babası öləndə 13 yaşlı Marko çox sarsılır. Nəticədə imtahanlarda uğursuz olur, futbol komandasını tərk edir. Bəs nə idi babası Qarsiya haqda deyilənlər?

Babası Kastronun casusu olub?

ABŞ nəşri Kuba mənbələrinin daha etibarlı olduğuna inanaraq yazır ki, bu gün ABŞ dövlət katibi olan Marko Rubionun babası Qarsiyanın Fidel Kastronun casusu olduğu haqda iddialar və şübhələr var. Buna səbəb isə onun ailəsini Birləşmiş Ştatlara köçürdükdən sonra təkbaşına Kubaya qayıdışı və orada Kastro hökumətində işləməsi, bir müddət keçdikdə yenidən Amerikaya dönmək istəməsidir.

...Pedro Viktor Qarsiya həyat yoldaşı və yeddi uşağı, o cümlədən Rubionun anası ilə birlikdə 1956-cı ildə - Batista rejimi dövründə Kubadan Mayamiyə mühacirət edir. Qarsiya bu gediş zamanı “yaşıl kart” alır. Sonra ABŞ-də sorğu-sual olunur. Deyir ki, o, inqilabdan sonra “uşaqlarına yük olmamaq üçün” iş axtarmaq məqsədi ilə Kubaya qayıdıb. Bu səbəbdən də ABŞ-də yaşamaq hüquqlarını itirir. Kastro hakimiyyəti dövründə təxminən üç il Kuba Nəqliyyat Nazirliyində mühasib işləyib. ABŞ-yə qayıdanda Qarsiya yenidən dindirilərkən “Kastronun marksist olduğunu anladığı üçün yenidən Mayamiyə qaçdı” söyləyib. Şübhəsiz ki, onun göstərdiyi arqument deyildi. Kastronun kommunist olduğunu kim bilmirdi ki?!

Bu dindirilmə zamanı Qarsiya haqda yaranan təəssürat o idi ki, o, Kastro hökuməti üçün işləyən biridir və təhlükəsizlik riski yarada bilər. “Nyu-York Tayms”ın səs yazılarına əsaslanan məqaləsində xatırladılır ki, “ərizəçinin ABŞ-dən deportasiya edilməsinə və ölkədən çıxarılmasına göstəriş verilib” hökmünü başa düşüb-düşmədiyini bir daha soruşduqda Qarsiya faciəvi şəkildə “Bəli, başa düşürəm” cavabını verib. Məqalə daha sonra maraqlı və müəmmalı şəkildə davam edir: “Bu, onun Amerika hekayəsinin sonu ola bilərdi. Amma həmin gün Biskeyn prospektindəki immiqrasiya ofisində kimsə - sənədlərdə kimin və nə üçün dəqiq göstərilmir - fikrini dəyişib. Qarsiyaya şərti azadlığa buraxılma statusu verilir. Lakin həmin sənədlərdə dəqiq nə olduğu həqiqətən də sirrdir”.

Bununla belə, məqalə bu sirr üzərində dayanmamağı seçir və davam edir: “Son nəticədə, miqrasiya orqanlarına təsir göstərə biləcək fakt cənab Qarsiyanın fiziki vəziyyətinə yazıqlıq hissi idi. 1,68 metr boyu və cəmi 59 kiloqram ağırlığında olan Qarsiya bir qəzada ayağından zədələnib. O, skolioz və amfizem idi. Qarsiyanın ABŞ-də illərdir qeyri-müəyyən qalan hüquqi statusu nəhayət, 1966-cı il Kuba inteqrasiya qanunu sayəsində rəsmiləşdirilib və onun daimi rezidentliyi 13 sentyabr 1967-ci ildə təsdiqlənib”.

Ata barmen, ana isə...

Bu gün o babanın nəvəsi olan dövlət katibi Marko Rubioya gəlincə, 28 may 1971-ci ildə Florida ştatının Mayami şəhərində anadan olub. Rubionun atası Mario Rubio Reinada barmen, anası Orieles Rubio isə ailəni dolandırmaq üçün hotellərdə xadimə işləyib. Oğulları üçün daha yaxşı həyat təmin etmək istəyən ailə Rubionun səkkiz yaşı olanda Las-Veqasda daha yaxşı gələcək axtarışına çıxırlar. Lakin ümidləri puç olur və ailə 1985-ci ildə Mayamiyə qayıtmaq məcburiyyətində qalır. Rubio 1989-cu ildə Cənubi Mayami Liseyini bitirir və sonra Florida Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alır. 1996-cı ildə isə Mayami Universitetinin Hüquq Məktəbində hüquq dərəcəsi alır. Rubionun siyasətə marağı 1998-ci ildə Qərbi Mayami şəhərinin komissarı seçiləndə reallaşıb. Rubionun dünyagörüşü onun öz tarixi ilə formalaşıb.

Rubio siyasi karyerasına 2000-ci ildə Florida Nümayəndələr Palatasına seçildiyi zaman başlayıb, 2006-2008-ci illərdə spiker olub. 2010-cu ildə Florida ştatını təmsil edərək ABŞ Senatına seçilib, 2025-ci ilə qədər bu vəzifəni tutub. 21 yanvar 2025-ci ildə vəzifəsinə başlayıb. Bu təyinatla o, ABŞ tarixində ən yüksək səviyyəli “İspan Amerikalı” olub. “İspan” termini latınları təsvir etmək üçün xüsusi olaraq istifadə olunur. Rubio 2016-cı il ABŞ prezident seçkisində Respublikaçılar Partiyasından namizəd olub, lakin öz ştatında onu məğlub etməyi bacaran Trampa uduzub.

Rubio: Rusiya ABŞ-nin Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqələrinin  güclənməsindən məmnun deyil

Qafqaza gələn, Kubanı hədəf alan kubalı

Rubio daxili siyasətdə abort və eynicinsli nikah kimi məsələlərin Amerika dəyərlərinə zərər verdiyini iddia edərək daha ənənəvi ailə dəyərlərinin tərəfdarıdır. O, zorlama və ya qohumluq əlaqəsi qurbanlarının abort hüququ ilə bağlı qəti mövqeyini saxlayır.

Rubio əvvəlki dövlət katibləri ilə müqayisədə daha böyük təcrübəyə malik olduğu üçün həm Respublikaçılar, həm də Demokratlar tərəfindən dəstək toplayıb.

Rubio son olaraq Cənubi Qafqaz siyasəti və Kuba barəsində bəyanatları ilə gündəmə gəlib. Dövlət katibi İrəvana 1 saatlıq spontan səfər edərək Paşinyana dəstəyi, Azərbaycan xalqına isə Qurban bayramı təbriki ilə son günlərdə medianın diqqət mərkəzində olub.

Ən son açıqlaması isə Kuba ilə bağlıdır. Bildirib ki, ABŞ administrasiyası Kuba ilə danışıqları davam etdirməyi planlaşdırır. “Biz onlarla danışacağıq və bunun üzərində işləməyə davam edirik. Biz Kuba xalqı üçün yaxşı bir nəticə istəyirik. Kuba bizim sahillərimizdən cəmi 90 mil (təxminən 150 km) məsafədədir və sahillərimizdən 90 mil uzaqlıqda uğursuz bir dövlətin mövcudluğu ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır”, - deyə Rubio bildirib.

Rubio çıxışında siyasi elita ilə əlaqələri olan Kuba biznes strukturu - GAESA konqlomeratını hədəfə alıb. O bildirib ki, təşkilatın aktivləri 18 milyard dollardır və ada iqtisadiyyatının 70%-nə nəzarət edir: “Onlar hotellərdən, tikintidən, banklardan, mağazalardan və hətta qohumlarınızın ABŞ-dən sizə göndərdiyi puldan qazanc əldə edirlər, hər şey, tamamilə hər şey onların əlindən keçir. Onlar bu pul köçürmələrindən müəyyən faiz götürür, lakin GAESA-nın gəlirlərinin heç biri sizə çatmır”.

Dövlət katibi həmçinin yanvar ayında başlayan və ABŞ-nin adaya neft tədarükünün blokadası səbəbindən onsuz da qeyri-sabit olan elektrik şəbəkəsinin dağılması nəticəsində ölkənin böyük bir hissəsinə təsir edən kütləvi elektrik kəsintisindən danışıb: “Gündə 22 saat elektriksiz yaşamağa məcbur olmanızın səbəbi ABŞ-nin neft blokadası ilə bağlı deyil. Bildiyiniz kimi, illərdir elektrik kəsintilərindən əziyyət çəkirsiniz. Elektrik enerjinizin, yanacağınızın və ya qidanızın olmamasının əsl səbəbi ölkənizi idarə edən insanların milyardlarla dollar oğurlaması, lakin xalqa kömək üçün bir qəpik belə istifadə etməməsidir. Kuba xalqına zəruri mallar şəklində 100 milyon dollarlıq yardım Katolik kilsəsi və ya digər xeyriyyə qrupları vasitəsilə paylanmalıdır. Çünki GAESA onları oğurlayıb mağazalarda satdıracaq. Prezident Tramp ABŞ və Kuba arasında münasibətlər üçün yeni bir format təklif edir. Lakin bu, GAESA ilə deyil, birbaşa sizinlə, Kuba xalqı ilə razılaşma olmalıdır”.

Rubio: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb

Trampın varisi

Nəhayət, ötən həftə ABŞ Prezidenti Donald Trampın varisi mövzusu yenidən gündəmə gəldi. Bəllidir ki, vitse-prezident Vens Respublikaçı Partiyanın 2028-ci il sonrası ən güclü namizədi kimi göstərir. Lakin Ağ Ev daxilində onun liderlik qabiliyyəti, sosial media istifadəsi və siyasi dözümlülüyü ilə bağlı suallar qalır. Eyni zamanda Venslə dövlət katibi Marko Rubio arasında səssiz rəqabət də diqqət mərkəzindədir. Analitiklər yarışın artıq başladığını bildirirlər..../// musavat


Sizin reklam burada
Sizin reklam burada