ABŞ rəsmiləri və Konqres üzvləri Tramp administrasiyasının nümayəndələri ilə Rusiya prezidenti Vladimir Putinin nümayəndəsi Kirill Dmitriyev arasında görüşdən narahatdırlar.
Görüş oktyabrın sonlarında Mayamidə baş tutub. Görüşdə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və Putinin adamı Kirill Dmitriyev iştirak edib.
Reuters agentliyinin yüksək vəzifəli ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Tramp administrasiyası Dmitriyevə xüsusi giriş icazəsi verib. Dmitriyev və onun fondu 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan sonra ABŞ hökuməti tərəfindən qara siyahıya salınıb. Vəziyyətlə tanış olan iki nəfərin sözlərinə görə, görüş müharibəyə son qoymaq üçün 28 maddəlik planla nəticələnib.
Jurnalistlər yazır ki, Dmitriyevin Mayami görüşünə konkret Rusiya tələbləri ilə gəlib-gəlmədiyi və ya onların plana daxil edilib-edilmədiyi bəlli deyil. Lakin bildirilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da Mayamidə olub.
Vəziyyətlə tanış olan mənbə bildirib ki, Vitkoff səfər zamanı Umerova plan barədə məlumat verib və guya ABŞ çərşənbə günü planı Türkiyə hökuməti vasitəsilə Ukraynaya çatdırıb, daha sonra isə 20 noyabr cümə axşamı günü birbaşa Kiyevdə təqdim edib.
Umerov öz rolunu "texniki" adlandırıb və planı ABŞ rəsmiləri ilə mahiyyətcə müzakirə etdiyini inkar edib. Bu görüş ABŞ administrasiyası və Konqresdə narahatlıq yaradıb, onlar Vitkoff və Kuşnerin qurumlararası prosedurların üzərindən keçərək Dmitriyevlə apardıqları müzakirələrin Rusiya üçün əlverişli bir plana gətirib çıxarmasından ehtiyat edirlər.