Rusiya uzunmüddətli atəşkəs və ya davamlı sülh əvəzinə yalnız qısamüddətli (8-11 may tarixləri arasında) “atəşkəs” təklif edir, güzəştlərdə israr edir, xüsusən də sanksiyaların, aviasiya sənayesinə təsir edən məhdudiyyətlərin götürülməsini tələb edir. Bu barədə Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak “The Guardian”da yazıb.
Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər hazırda Rusiya aviaşirkətlərinin Qərb bazarlarına çıxışına mane olur və hərbi məqsədlər üçün istifadə oluna bilən əsas ehtiyat hissələrinin, texniki xidmətə aid və digər avadanlıqların idxalını əngəlləyir.
"İlk baxışda Moskvanın tələbləri humanitar və iqtisadi cəhətdən səmərəlidir, sadə və yerinə yetirilməsi asan görünür. Bununla belə, təklifin dinc xarakterli görünməsinin arxasında aviasiya sanksiyalarının yumşaldılmasının Rusiya prezidentinə və onun hərbi maşınına verəcəyi siyasi, hərbi üstünlük dayanır. Bu sanksiyalar Kremlin hərbi imkanlarının nə qədər ciddi və effektiv şəkildə məhdudlaşdırdığının sübutudur", - Yermak vurğulayıb.
O xatırladıb ki, Rusiyanın mülki aviasiya sektoru ordunun maraqlarına xidmət edir, hərbi logistika, nəqliyyat və qaçaqmalçılıq meydanına çevrilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural