Rusiya Prezidenti Vladimir Putin yalnız məqsədinə çatdıqdan sonra danışıqlara razı olur və ya öhdəliklərini yerinə yetirir.
News365.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqları şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, İstanbuldakı görüşlər, birbaşa təmaslar və telefon danışıqları nəticə verməyəcək:
“Putin üçün əsas olan hədəfidir. O, bu hədəfə çatmadan geri addım atmır. Ukrayna ilə hazırkı savaş onun üçüncü müharibəsidir. 1999-cu ildə baş nazir təyin olunandan sonra ikinci Çeçenistan müharibəsinə başladı. Qərb ölkələri müharibənin dayandırılmasını istəsələr də, Putin sərt mövqe nümayiş etdirdi və minlərlə insanın həyatına son qoyaraq planını həyata keçirdi.”
Elxan Şahinoğlu qeyd edib ki, 2008-ci ildə Gürcüstanla müharibə zamanı da Putin əsas rolda idi. O, Cənubi Osetiyanın işğalından sonra yalnız Tbilisi yaxınlığından tankları geri çəkdi və beləliklə, əsas hədəfinə çatmış oldu.
“2014-cü ildə Ukraynanın Krım bölgəsini ilhaq etdi. Daha sonra 2022-ci ildə Ukraynanın şərqinə hücum əmri verdi. Qərbin xahiş və tələbləri bu dəfə də nəticəsiz qaldı.”
Politoloq hesab edir ki, Putin yalnız üç halda dayanacaq:
Ukrayna təslim olub Krım və digər 4 bölgədən imtina edərsə;
Rusiya zəifləyərək Putini planlarından əl çəkməyə məcbur edərsə;
Kremldə hakimiyyət dəyişikliyi baş verərsə.