Polşada məktəblərdə ard-arda baş verən hücumlar ciddi narahatlıq yaradıb. Oktyabrın 8-də ölkənin şimal-şərqində yerləşən məktəblərdən birində 15 yaşlı keçmiş şagirdin hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
News365.az xəbər verir ki, hadisə Varşavanın şimal-şərqində, Vışkuv dairəsinin Leşçidol-Novinı yaşayış məntəqəsindəki məktəbdə baş verib.
Polisin məlumatına görə, 15 yaşlı yeniyetmə saat 09:00 radələrində məktəbə daxil olub və iti əşya ilə üç əməkdaşa xəsarət yetirib. Yaralananlar arasında məktəbin direktoru da olub. Direktorun 15 yaşlı şagirdi zərərsizləşdirərək saxladığı bildirilib.
Polis hadisə barədə məlumat daxil olduqdan bir neçə dəqiqə sonra məktəbə çatıb. Lakin həkimlərin reanimasiya cəhdlərinə baxmayaraq, 37 yaşlı məktəb əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı 15 yaşlı keçmiş şagird saxlanılıb. Hazırda məktəbdə polis əməliyyatı davam edir.
Polşanın daxili işlər naziri Marçin Kervinski isə başqa bir məktəbdə də mümkün hücumun qarşısının alındığını açıqlayıb. Onun sözlərinə görə, ölkənin mərkəzində yerləşən Serpts şəhərində 17 yaşlı yeniyetmə hücum hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Onun çantasında iki bıçaq aşkarlanıb.
Xatırladaq ki, bundan bir gün əvvəl – oktyabrın 7-də Polşanın Ostroleka şəhərindəki məktəbdə bıçaqlı hücum baş verib. Hadisə zamanı 10 nəfər yaralanıb. Polis hücumda şübhəli bilinən 19 yaşlı şəxsi qısa müddət sonra saxlayıb. Yaralananlar arasında həmin şəxs də olub.