Polşa XİN rəhbəri Maskdan tələb etdi: Rusiyanın Starlink-ə çıxışı dayandırılsın

Polşa XİN rəhbəri Maskdan tələb etdi: Rusiyanın Starlink-ə çıxışı dayandırılsın
09:39

Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-li milyarder İlon Maska müraciət edərək Rusiyanın “Starlink” peyk rabitə sisteminə çıxışının məhdudlaşdırılmasını tələb edib.

News365.az-ın “LeMonde.fr”ə istinadən məlumatına görə, nazir bu çağırışı sosial şəbəkə üzərindən edib.

Sikorski “X” platformasında paylaşdığı mesajda Maskı Rusiyanın hərbi fəaliyyətlərinə dolayı dəstək verməkdə ittiham edib. O bildirib ki, “Starlink” sistemlərinin Ukrayna şəhərlərinə qarşı istifadə edilməsi ciddi nəticələrə yol aça bilər və bu, şirkətin nüfuzuna zərər vurur.

Məsələ ilə bağlı Amerika Müharibə Tədqiqatları İnstitutu (ISW) də açıqlama yayıb. İnstitutun məlumatına görə, Rusiya ordusu “Starlink” peyk rabitəsindən istifadə edərək hücum dronlarının uçuş məsafəsini əhəmiyyətli dərəcədə artırır. Bildirilir ki, “BM-35” tipli dronlar bu texnologiya sayəsində orta mənzilli zərbələr endirmək imkanına malikdir.

ISW qeyd edib ki, sözügedən dronların təxminən 500 kilometr məsafə qət etmək potensialı var. Bu isə onların Rusiya ərazisindən və ya işğal olunmuş Ukrayna bölgələrindən buraxıldığı halda, Ukraynanın böyük hissəsini, eləcə də Moldovanı və bəzi Avropa ölkələrinin ərazilərini risk altına salması deməkdir.

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov da məsələni təsdiqləyərək, Rusiya qüvvələrinin dronları “Starlink” peyk sistemləri ilə təchiz etdiyini açıqlayıb. O, bu vəziyyətə qarşı beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada