Ölümünü gözləyən Fəzail Ağamalı: “Bəy, çox yorulmuşam”

Ölümünü gözləyən Fəzail Ağamalı: “Bəy, çox yorulmuşam”
13:03

Bu da son... Yaşasaydı gələn il 80 yaşını qeyd edəcəkdi. Amma yaşamadı... Daha doğrusu yaşamağa qoymadılar. Və bir soyuq qış gecəsində Ankarının xəstəxanalarından birində, sevdiklərindən və Vətənindən uzaqda bu fani dünyaya gözünü əbədi olaraq yumdu...

Onun ölümü bəzilərini bəlkədə üzmədi. Amma hər kəs onun bu cür ölümünə təəssüf etdi. Çünki Fəzail Ağamalı bu cür ölümü haqq eləmirdi...

Fəzail Ağamalı ən azından çoxlarından daha vətənpərvər idi. Bu millət üçün hər zaman nələrsə etməyə çalışdı. Ən azından onun adı bir siyasətçi kimi 5-ci kalonla, xarici kəşfiyyat orqanları ilə hallanmadı. Bir az sakit, bir az da dəli-dolu bir həyat yaşadı.

1988-ci ildə Azadlıq hərəkatı başlayanda onun öndərlərindən biri oldu. Gəncədəki yüksək vəzifəsini, rahat həyatını atıb Bakıya gəldi. Gəldi ki, proseslərin içində olsun. Vətəndaşlıq və ziyalı borcunu yerinə yetirsin. Çünki Meydan hərəkatı başlayanda hər kəs irad bildirirdi ki, ziyalılar prosesə ləng qoşulur. Əslində bu haqlı irad idi. O zaman əksər ziyalılar partiya biletindən və tutduğu vəzifədən qorxaraq mitinqlərə qatılmırdı. Amma Fəzail Ağamalı tam fərqli mövqe tutdu. Azərbaycan Texnologiya Universitetindəki kafedra müdiri vəzifəsindən imtina edərək xalqın mübarizəsinə qatıldı. Nə qazanacağını bilmədiyi halda, itiricəklərini gözə aldı...

Və Bakıya gələrək neçə il işsiz qaldı. Amma onun ən böyük işi xaqlının azadlıq mübarizəsinə dəstək olmaq idi.

O zamanlar Fəzail Ağamalı siyasi proseslərin ən fəal üzvlərindən biri idi. Və mübarizənin sivil yolunu tutaraq Azərbaycanda ilk siyasi partiya yaradanlardan biri oldu. 1990-cı ildə Ana Vətən Partiyasını yaratdı. Partiyanın adı onun siyasi əqidəsini və vətəndaş mövqeyini çox gözəl ifadə edirdi.

Sonrakı illərdə də o hər zaman siyasi proseslərin mərkəzində oldu. Nazir müavini də oldu, naziri də əvəz elədi. Amma onun adı hər hansı bir korrupsiyada, özbaşnalıqda hallanmadı.

30 il Ali qanunverici orqanda xalqı təmsil etdi. Neçə-neçə qanun layihəsinin müəllifi oldu. Amma o parlamentdə daha çox tipik azərbaycanlı dəli-doluluğu ilə yaddaşlarda qaldı.

Hakimiyyətin “boz kardinalı” olan Ramiz Mehdiyevi ilk dəfə parlamentdə açıq və cəsarətli şəkildə tənqid etdi. Özü də bir dəfə yox, dəfələrlə...

Son görüşümüzdə soruşdum ki, “Fəzail bəy, hər kəs Ramiz Mehdiyevə tərif deyib, ənam alanda Siz ona qarşı çıxdınız. Qorxmadınız?”

Gülümsədi. Dedi ki, “bəy, mənim maddi cəhətdən itirdiklərim çox olub. Amma mən maddiyyat üçün heç zaman yaşamamışam. Mənim yolum başqadır. Zaman gələr, bəlkə onda məni bəzi insanlar anlayar. Mən əvvəldən bilirdim ki, Ramiz Mehdiyev agentdir. Ona görə də həyatımın 25 ilini onun ifşasına həsr etdim. Mən də ona tərif deyib var-dövlət qazana bilərdim. Amma etmədim. Heç peşiman da deyiləm”.

Onun dəli-doluluğunu təsdiq edən başqa bir faktsa parlamentin iclasında deputat həmkarı Hüseyn Abdullayevi yumruqla susdurması idi.

Bilənlər bilir ki, o zaman Hüseyn Abdullayevin qılıncının dalı da, qabağı da kəsirdi. Və beləsinə əl qaldırmaq hər kişinin işi deyildi. Amma Fəzail bəyin əli belə birinə qalxdı.

Ötən ilin sentyabrındakı son görüşümüzdə bu cür hadisələri xatırlayıb xeyli gülmüşdük.

O zaman əhvalı çox yaxşı idi. Deyirdi ki, “istəyirəm memeuar yazım.Mən kimləri, nələri görməməmişəm ki,..”

Bir ay sonra baş verən hadisələr onun bu arzusunu ürəyində qoydu. Üstəlik ölümünü sürətləndirdi.

Əvvəlcə oğlunun hərəkətləri Fəzail bəyi sındırdı. O, övladının davası barədə danışarkən demişdi ki, bu, bir valideyn kimi onun bədbəxtliyidir:

"Bu, həm də mənim üçün ona görə ağırdır ki, problemləri yaradan mənim doğmaca oğlum oldu. Bu barədə söhbət etmək mənim üçün ağırdır. Mən hər zaman ailə dəyərlərinə, övlada xüsusi sevgi ilə yanaşan insanam. Ailə məsələlərində mühafizəkaram. Səbəbini bilmirəm ki, oğlum nədən bu cür aqressiv mövqedə olmaqda davam etdi".

Bu azmış kimi o günlərdə mətbuata onun qeyri-rəsmi nigahdan doğulan övladı daşındı. Amma Fəzail bəy bu dəfə də əsl Azərbaycan kişisi kimi davrandı:

“Gənclik səhvim olub. Amma bunun üçün mən heç kimin yox, təkcə həyat yoldaşımın qarşısında məsulam. Ondan başqa heç kəs məni mühakimə edə bilməz”.

Təbii ki, bu cür hadisələr onu sındırdı, həyatdan küsdürdü. Yeni ilə ərəfəsində telefon danışığımız oldu. memerualı soruşdum. “Yox, bəy yorulmuşam. O həvəsdə deyiləm” dedi.

Səsi də daha əvvəlki kimi gur və ötkəm deyildi. Sanki hər şeydən əlini üzüb ölümünü gözləyirdi.

Və ölüm də onu çox gözlətmədi. Canından çox sevdiyi oğlundan görmədiyi sədaqəti Əzrayıldan gördü. Ölüm onu ağuşuna alıb apardı. Apardı ki, ahıl vaxtında düşmənləri onun halına baxıb sevinməsin, oğlunun hərəkətləri onu daha çox üzməsin...

Getdi. Və özündən sonra bir nağıl qoydu. Fəzail Ağamalı nağılı... Bu nağıl ən azından onu sevənlər üçün bir təsəlli, bir istinad yeri olacaq.

Allah ruhunu şad eləsin, Fəzail bəy!

  S. Cəfərli 


Sizin reklam burada
Sizin reklam burada