Azərbaycanda son günlər respirator xəstəliklərin sürətlə yayılması əhali arasında narahatlıq yaradıb. Bir çox vətəndaş yoluxmaların COVID-19-la əlaqəli olub-olmadığını, yoxsa mövsümi qrip və digər virusların üstünlük təşkil etdiyini maraqla öyrənmək istəyir. Bəs, yayılan virusun COVID olması ehtimalı varmı, yoxsa daha çox mövsümi qrip və ya başqa virusdur?
Bu barədə professor Adil Qeybulla bildirib ki, hazırda müşahidə olunan yoluxmaların içərisində COVID-19 halları da mövcuddur. Onun sözlərinə görə, SARS-CoV-2 virusunun Omikron ştammı hələ də mutasiya etməyə davam edir və virus tamamilə aradan qalxmayıb:
“Pandemiya bitsə də, COVID-19-un ocaqları qalmaqdadır. Bu gün də ölkədə COVID-19-a yoluxma və ölüm halları mövcuddur”.
Professor qeyd edib ki, hazırda ölkədə əsasən qrip virusu geniş yayılıb. Xüsusilə, 5–15 yaş arası uşaqlar arasında yoluxma halları daha çox müşahidə olunur. Böyüklər arasında isə xəstəlik daha ağır keçir və pnevmoniya ilə ağırlaşmaların sayı artıb.
Adil Qeybulla bildirib ki, bu vəziyyət təəccüblü deyil, çünki mutasiyaya uğramış virusların davranışını əvvəlcədən proqnozlaşdırmaq çətindir:
“İddialar var ki, gələcəkdə bizi ciddi qrip pandemiyası gözləyə bilər. Hər il mutasiya edən qrip virusu böyük pandemiya yaratmaq potensialına malikdir”.
Onun sözlərinə görə, hər il olduğu kimi bu il də soyuqdəymə və respirator virus xəstəlikləri geniş yayılıb və bu infeksiyalar arasında COVID-19 da hələlik davam etməkdədir./// KONKRET