Müsahibimiz kibertəhlükəsizlik üzrə ekspert, “Texio Academy”nin təsisçi direktoru Elgün Bəxtiyaroğludur.
-Kibertəhlükəsizlik gündəlik həyatımızın bir
parçasına çevrilib dedikdə nəyi nəzərdə tuturuq? İnsanlar gündəlik həyatlarında
kibertəhlükəsizlik qaydalarını necə tətbiq edə bilərlər?
- Texnologiya sürətlə inkişaf etdiyi üçün artıq gündəlik həyatımızı texnoloji
avadanlıqlarsız təsəvvür etmək mümkün deyil. Bank əməliyyatlarını, iş
proseslərini və müraciətlərimizi çox vaxt mobil telefon və kompüterlər vasitəsilə
həyata keçiririk. Bunun nəticəsində fərdlərə yönələn kibertəhdidlərin sayı da
getdikcə artır.
Belə kiber hücumlardan qorunmağın ən təsirli yolu
kiber maariflənmədir. Kibertəhlükəsizlik maarifləndirilməsi insanların mövcud
təhdidlər barədə məlumatlı olmasına, daha diqqətli davranmasına və şəxsi
məlumatlarını qorumaq üçün düzgün addımlar atmasına şərait yaradır.
-Son dövrlərdə dünyada ən çox rast gəlinən
kiberhücumlar hansılardır? Azərbaycanda bu hücumların hansı formaları daha çox
müşahidə olunur?
-Dünyada ən çox yayılmış kibercinayət üsullarından
biri sosial mühəndislikdir. Bu metod ümumi kiberhücumların 90%-dən çoxunu
təşkil edir. Sosial mühəndislik hücumlarına misal olaraq fişinq (e-poçt
vasitəsilə), vişinq (telefon zəngi ilə) və smişinq (SMS vasitəsilə) hücumlarını
göstərmək olar.
Araşdırmalara əsasən, bütün məlumat sızmalarının
təxminən 95%-i birbaşa və ya dolayı yolla insan səhvləri ilə bağlıdır.
Sosial mühəndislik hücumlarının əsas məqsədi insan
psixologiyasını manipulyasiya edərək məxfi məlumat əldə etməkdir. Bu səbəbdən
kibercinayətkarlar hücumlarını hər bir ölkənin sosial-mədəni xüsusiyyətlərinə
uyğun şəkildə planlaşdırırlar. Məsələn, Novruz bayramı ilə bağlı fişinq
hücumları ABŞ-da deyil, bu bayramı qeyd edən ölkələrdə həyata keçirilir. Azərbaycanda
da bu cür nümunələrə rast gəlinir.
Məhz bu səbəbdən kibermarifləndirmə prosesində
ölkənin mədəniyyətinə və adət-ənənələrinə xüsusi diqqət yetirilməlidir.
Azərbaycana yönəlmiş sosial mühəndislik hücumlarının qarşısını almaq üçün
keçirilən maarifləndirmə təlimləri yerli reallıqlara uyğun şəkildə
hazırlanmalıdır.
-Sosial şəbəkələrdə şəxsi məlumatların qorunması istiqamətində
ən çox edilən səhvlər hansılardır və insanlar gündəlik istifadədə nələrə diqqət
etməlidirlər?
- Sosial şəbəkələr bu gün insanların ən çox
müraciət etdikləri rəqəmsal platformalardan biridir. Sosial şəbəkələr həm
məlumatın paylaşılması və axtarışı, həm də şirkətlərin marketinq fəaliyyəti
üçün geniş şəkildə istifadə olunur. Bunun nəticəsində həm şəxslər, həm də
şirkətlər barədə çoxlu sayda məlumat ictimaiyyətlə paylaşılır.
Bu isə kibercinayətkarlar üçün qiymətli bir məlumat
bazasına çevrilir. Əgər kibercinayətkar sizinlə bağlı xüsusi hədəfli hücum
hazırlayırsa, sosial profillərinizdə paylaşdığınız məlumatlar onun işini
asanlaşdırır. Məsələn: ad və soyad, doğum tarixi, iş yeri, dost çevrəsi,
tez-tez getdiyiniz məkanlar kimi məlumatlar toplanaraq hücumun daha dəqiq
planlaşdırılmasına şərait yaradır.
Xüsusilə qeyd etmək lazımdır ki, süni intellektin
inkişafı bu prosesi daha da sürətləndirir. Kibercinayətkarlar sosial
şəbəkələrdə toplanmış məlumatları süni intellekt vasitəsilə təhlil edir və
onları hədəfli kibercinayət fəaliyyətləri üçün istifadə edirlər.
Bu səbəbdən sosial şəbəkələrdə məlumat paylaşarkən
diqqətli olmaq vacibdir. Paylaşılan şəkillər belə bəzən məxfi informasiyanın
sızmasına səbəb ola bilər. Məsələn, kompüter qarşısında çəkilmiş bir selfidə
ekran görüntüsündə məxfi sənədlərin görünməsi şirkət üçün ciddi təhlükə yarada
bilər.
-Uşaqlar və gənclərin onlayn təhlükəsizliyi
mövzusunda valideynlər və müəllimlər hansı addımları atmalıdır?
Azyaşlıların və gənclərin kiberhücumlardan qorunması üçün onların mütəmadi
olaraq kibertəhlükəsizlik mövzularında maarifləndirilməsi vacibdir. Bu prosesin
valideynlər və müəllimlər tərəfindən təşkil olunması daha effektiv olar.
Məsələn, şəxsi məlumatların onlayn platformalarda
paylaşılmaması, tanımadıqları şəxslərlə ünsiyyətə girməmələri və şübhəli
məzmunlardan uzaq durmaları barədə onlara izah verilməsi xüsusi əhəmiyyət
daşıyır.
-Kiçik və orta bizneslər üçün kibertəhlükəsizlik nə
qədər vacibdir? Onlar ən azı hansı əsas addımları atmalıdır ki, özlərini
qoruyabilsinlər?
-Kibertəhlükəsizlikdən danışarkən biznesin kiçik və
ya böyük olması fərq etmir, çünki hər bir biznes üçün onun məlumatları kritik
əhəmiyyət daşıyır. Kiçik bir kiber insident belə şirkətin fəaliyyətinin
tamamilə dayanmasına səbəb ola bilər. Bu səbəbdən bizneslər kibertəhlükəsizliyə
daha çox dəyər verməli və mövzuya ciddi yanaşmalıdırlar.
Kibertəhlükəsizliyə ayrılan büdcə şirkətin əlavə
xərci kimi deyil, inkişafı və davamlılığı üçün vacib bir investisiya kimi
görülməlidir. Çünki baş verən hər hansı bir insident şirkətin nüfuzuna zərər
vura, müştəri etimadını itirməsinə gətirib çıxara bilər.
Unutmaq olmaz ki, kibertəhlükəsizlik
maarifləndirmədən başlayır. Şirkətin ölçüsündən asılı olmayaraq bütün
müəssisələr kibermarifləndirməyə üstünlük verməlidirlər. Bu yanaşma ilə
şirkətlər öz təhlükəsizliklərini gücləndirə və uzunmüddətli davamlılıq əldə edə
bilərlər.
-Qadınların kibertəhlükəsizlik sahəsində rolu
haqqında nə düşünürsünüz? Bu sahədə balans və inklüzivlik niyə vacibdir?
-Dünya statistikasına nəzər salsaq, qadınlar
kibertəhlükəsizlik sahəsində təxminən 20%-lik iştirak payına sahibdirlər.
Sevindirici haldır ki, Azərbaycanda qadınların bu sahəyə marağı getdikcə artır.
Bu isə öz növbəsində kibertəhlükəsizlik mütəxəssislərinin sayının artmasına və
mövcud tələbatın qarşılanmasına mühüm töhfə verir.
Kibertəhlükəsizlik sahəsində gender balansının
təmin olunması həm peşəkar mühitin zənginləşməsinə, həm də sahənin davamlı
inkişafına şərait yaradır.
-Azərbaycanın kibertəhlükəsizlik sahəsində təhsil
imkanları və gələcək perspektivləri barədə nə deyə bilərsiniz? Bu sahəyə marağı
olan gənclərə hansı tövsiyələri verərdiniz?
-Azərbaycanda kibertəhlükəsizlik sahəsində dövlət
strategiyaları, universitet proqramları və xüsusi təlim mərkəzləri gənclərə bu
sahədə ixtisaslaşmaq imkanı yaradır. Gələcəkdə kadr çatışmazlığının aradan
qaldırılması, beynəlxalq sertifikatlaşdırma və real təcrübə proqramlarının
genişlənməsi əsas inkişaf istiqamətləridir.
Gənclərə tövsiyəm odur ki, formal təhsili praktiki
layihələrlə birləşdirsinlər, beynəlxalq sertifikatlar əldə etsinlər və daim öz
biliklərini yeniləsinlər.