Azərbaycan Prezidentinin təqdimatı əsasında Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni baş naziri təyin olunub.
News365.az yeni baş nazirin dosyesini təqdim edir:
O, 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
Cabbar Musayev Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.
O, 2004-2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləyib, 2013-2016-cı illərdə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış "Yüksək Texnologiyalar Parkı" MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-dən Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Cabbar Musayev dövlət qulluğunun müşaviridir. Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. 4 noyabr 2024-cü il tarixində ölkə başçısının sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.