Son günlər bəzi sosial şəbəkələrdə Millət vəkili,
əslən Qərbi Azərbaycandan olan Məlahət İbrahimqızı haqqında feyk xəbərlər
yayılır. Həmin feyk xəbərlərdə iddia olunur ki, guya Məlahət İbrahimqızı Azərbaycanda
yaşamış ermənilərə son 30 il üçün pensiya müavinətinin verilməsi təklifi ilə
çıxış edib.
Məsələni aydınlaşdırmaq üçün Məlahət
İbrahimqızı ilə əlaqə saxladıq. News365.az -a açıqlamasında o təəssüflə
bildirdi ki, bəzi sosial media səhifələrində və Tiktokda onun adından yanlış,
çox təxribatçı məlumatlar yayılır:
“Bu hadisədən çox üzülürəm və həmin adamlara
demək istəyirəm ki, onlar mənim adımdan nə qədər təxribatçı və yalan məlumatlar
yaysalar da Azərbaycan ictimaiyyəti buna inanmayacaq. Çünki uzun illərdir ki,
ictimaiyyət, xüsusilə də seçicilərim məni
yaxşı tanıyır.
Guya ki, mən Tiktokda və yaxud hansısa sosial
media təmsilçisinə demişəm ki, Azərbaycanda olan ermənilərə 30 ilin pensiyasını
verməliyik. Bu çox gülünc və cəfəng bir iddiadır.Axı mən əslən Qərbi Azərbaycandanam.
Və mənin bütün yaxınlarım və qohum-əqrəbam 1987-1991-ci illərdə Qərbi Azərbaycandan
qovulublar. Bizim dədə-bababmız yüzilliklər boyu o torpaqlarda yaşayıb,
yaradıb. Həmin müddətdə hər birimiz özümüzə layiqli mal-mülk yaratmışdıq. Çox təəssüf
ki, ötən əsrin 80-ci illərində bütün maddi-mənəvi sərvətlərimiz erməni
vandalları tərəfindən dağıdılıb, mənimsənilib. Hələ qətl edilən qohum əqrəbalarımızı
demirəm. Bu qədər dəhşətləri yaşayan bir insan kimi iddia edilən fikirləri
söylməyim mümkünsüzdür.Eyni zamanda bəzi
insanların nə qədər cılız, böhtançı və troll olması da çox üzücüdür. Sonuncu dəfə
Qərbi Azərbaycandan 300 minə yaxın soydaşımız ən ağır şərtlərlə qovulub.
Onların çoxu quru canlarını ancaq götürüb gəlib. Belə bir vəziyyətdə mənim və
yaxud hansısa azərbaycanlının iddia edildiyi kimi fikir bildirməsi həqiqətən
ağılasığmazdı. Bu ancaq böhtan ola bilər”.
Deputa həmin təxribatçılara demək istəyir ki,
bu cür ləyaqətsiz yolla getməsinlər, trolluq etməsinlər:
“Bu trollar o qədər çirkli işlərlə məşğuldurlar
ki, mənim kimə və harada müsahibə verdiyim göstərilmir.Mənbə göstərilmədiyi
halda əhalinin həssas qrupu arasında belə şər-böhtanın yayılması heç cürə qəbul
edilməzdir, özbaşnalıqdır”.