“Mobil telefonlardan istifadə artıq təkcə şagirdlərə deyil, böyüklərə də problem yaradan məsələyə çevrilib. Təəssüf ki, insanlar gün ərzində telefonlarından fasiləsiz istifadə edir və bu, həm işin keyfiyyətinə, həm də ümumi davranışlara mənfi təsir göstərir.”
Milli Məclisin deputatı Ceyhun Məmmədov bu sözləri News365.az-a açıqlamasında deyib.
Xüsusilə məktəblərdə proseslərə ciddi maneələr yaranır. Artıq dünyanın bir çox ölkəsində bu sahədə məhdudiyyətlər tətbiq olunur və şagirdlərin telefon istifadəsi sərtləşdirilir. Çünki telefon həm şagirdlərin dərsi dinləməsinə, həm də tədris prosesinin effektivliyinə əngəl olur. Eyni zamanda məktəb daxilində müxtəlif çəkilişlər, videolar, sosial mediaya yüklənən görüntülər əlavə problemlər yaradır.
Buna görə də Azərbaycanda da bu məsələ gündəmə gətirilməli, müvafiq qərarlar qəbul edilməlidir. Elm və Təhsil Nazirliyi mövzuyla bağlı müəyyən açıqlamalar versə də, hələlik konkret addımlar müşahidə olunmur.
Ceyhun Məmmədov xəbərdarlıq edir ki, məktəblərdə telefon istifadəsinə məhdudiyyətlər tətbiq olunmasa, yaxın dövrdə daha ciddi fəsadlarla üzləşmək mümkündür. Bu prosesə gecikmədən reaksiya verilməsinin vacibliyi vurğulanır.