Zelenski Rusiyaya qarşı “xüsusi” sanksiyalar paketini təsdiqləyib

Zelenski Rusiyaya qarşı “xüsusi” sanksiyalar paketini təsdiqləyib
06 İyl 2025 20:00

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.


News365.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında paylaşım edib.


Volodimir Zelenski qeyd edib ki, bu paket əvvəlkilərdən fərqli olaraq “xüsusi” xarakter daşıyır və əsasən Rusiya Federasiyasının maliyyə sxemlərini, o cümlədən kriptovalyuta əməliyyatlarını hədəfə alır: “Söhbət bir çox rus maliyyə sxemlərinə, xüsusilə də kriptovalyuta əməliyyatlarına yönəlmiş xüsusi sanksiyalardan gedir. Bu sanksiyalar Ukrayna Milli Bankının təqdimatı əsasında hazırlanıb”.

Ukrayna Prezidenti bildirib ki, bu sanksiya paketi Ukraynanın beynəlxalq tərəfdaşları ilə tam şəkildə sinxronlaşdırılıb: “Rusiya sanksiyalar siyahısına daxil edilmiş bir şirkət vasitəsilə milyardlarla dollar vəsaiti əsasən hərbi və sənaye ehtiyacları üçün köçürüb. Təbii ki, bu sxemlərin hamısını dayandıracağıq. Hazırda Rusiyanın bir çox ənənəvi maliyyə kanalları bağlandığı üçün onlar kriptovalyuta hesablaşmalarına keçirlər”.


Yeni sanksiyalar 60 şirkət və 73 fiziki şəxsi əhatə edir


Zelenski nəzərə çatdırıb ki, yeni sanksiyalar paketinə 60 hüquqi şəxs, o cümlədən Rusiya vətəndaşları olan 73 fiziki şəxs daxildir: “Bu hüquqi şəxslərlə bağlı biz tərəfdaşlarımızla birlikdə işləyəcəyik ki, sanksiyaları sinxronlaşdıraq. Yəni bizim sanksiyalarla Avropa İttifaqının , bizim və dünyanın digər əhəmiyyətli yurisdiksiyalarının tədbirləri arasında uyğunluq yaradaq”.


Məqsəd Rusiyanı müharibəni dayandırmağa məcbur etməkdir


Zelenski vurğulayıb ki, asan olmasa da, ümumi məqsəd aydındır: “Məqsəd Rusiyanı müharibəni dayandırmağa məcbur etmək və onun hərbi-sənaye potensialını maksimum dərəcədə məhdudlaşdırmaqdır. Sanksiyalar artıq Rusiyanı gələcəkdən məhrum edir və onun sisteminin gündəlik fəaliyyətini ciddi şəkildə çətinləşdirməlidir,”

 


Sizin reklam burada
Sizin reklam burada