"Azərbaycanda 7 yaşdan yuxarı avtomobillərə aksiz dərəcələrinin artırılması qiymət artımına səbəb olacaq."
Bu barədə News365.az-a açıqlamasında Avtomobil Dilerləri Assosiasiyasının rəhbəri Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, tətbiq edilən yeni rüsumlar köhnə avtomobillərin ölkəyə gətirilməsini azaldacaq və avtomobil parkının yenilənməsinə şərait yaradacaq:
“Aksizlərin artırılması nəticəsində 7 yaşdan yuxarı avtomobillərin qiyməti bahalaşacaq. Bu addım həmin avtomobillərin ölkəyə gətirilməsini azaldacaq, hətta müəyyən qədər məhdudlaşdıracaq. Bu isə avtomobil parkının yenilənməsi üçün çox vacibdir”.
Eyyub Əliyev qeyd edib ki, hazırda ölkə üzrə avtomobil parkının 80 faizindən çoxu 10 ildən artıq yaşı olan nəqliyyat vasitələrindən ibarətdir:
“Son illər ekoloji təmiz nəqliyyat vasitələrinə güzəştlər tətbiq olundu. 10 ildən yuxarı avtomobillərin ölkəyə idxalına məhdudiyyət qoyulması, elektromobillərə stimullaşdırıcı güzəştlər — bütün bunlar köhnə avtomobil parkının yenilənməsinə xidmət edir”.
O vurğulayıb ki, köhnə avtomobillər həm yol-nəqliyyat təhlükəsizliyi, həm də ekologiya baxımından risk yaradır:
“Köhnə avtomobillər daha çox qəza riskinə səbəb olur və ətraf mühitə zərər verir. Bu dəyişikliklər isə parkın yenilənməsinə yönəlmiş çox doğru addımdır”.