Havaların soyuması ilə birlikdə kəskin respirator infeksiyalar da artıb. Viruslar hər il minlərlə insanı xəstə edir və onların yayılmasının qarşısını almaq üçün sadə, amma effektiv qaydalar mövcuddur.
İnfeksionist Mərdan Əliyev Manset.az-a verdiyi açıqlamada kəskin respirator infeksiyalardan qorunma yollarını izah edib.
O bildirib ki, bu virus müxtəlif xəstəliklərə səbəb olur və onların ümumi simptomları oxşardır: bədən hərarətinin yüksəlməsi, öskürək, boğaz ağrısı, burun tutulması, burun axması və əzələ ağrıları. “Biz bu əlamətlərlə müşahidə olunan xəstəlikləri ümumilikdə qripəbənzər xəstəliklər adlandırırıq, amma bu, həmişə qrip demək deyil. Dəqiq diaqnoz üçün müayinə vacibdir,” – deyə M. Əliyev qeyd edib.
Həkim vurğulayıb ki, yoluxmuş şəxslərə vaxtında və düzgün müalicə tətbiq olunmazsa, xəstəlik uzun müddət davam edə bilər.
Hazırkı virus yayılması dövründə qorunma tədbirlərinə ciddi riayət edilməsinin vacibliyini xatırladan infeksionist sosial məsafəni qorumaq və əl gigiyenasına – əllərin mütəmadi yuyulması və dezinfeksiyasına diqqət göstərmək tövsiyə edir.