Müasir elmi araşdırmalar sübut edir ki, istilik təkcə narahatlıq və diskomfort yaratmır, həm də insan orqanizmində bioloji qocalmanı sürətləndirə bilər.
Çan adına Harvard Məktəbinin tədqiqatçısı, alman araşdırmasının əsas müəllifi Venli Ninin sözlərinə görə, yüksək temperatur DNT-nin metilləşmə strukturunda dəyişikliklərə səbəb olur. Bu isə hüceyrələrin fəaliyyətinə və gen ifadəsinə təsir edən mühüm bioloji prosesdir. Bu dəyişikliklər zərərli bioloji reaksiyaları işə sala və orqanizmin daha sürətli qocalmasına gətirib çıxara bilər.
Alim əlavə edib ki, istilik təsiri həm də oksidativ stress yaradır. Bu, azad radikallar adlanan qeyri-sabit molekulların hüceyrələrə hücum etməsi nəticəsində yaranır. Nəticədə DNT, hüceyrə membranları və zülallar zədələnir, bu da xərçəng, ürək-damar xəstəlikləri və erkən qocalma riskini artırır.
Bu qənaətə təkcə Avropa deyil, Tayvanda aparılan araşdırmalar da gəlib. Orada 2000-dən çox insan üzərində aparılmış müşahidələr göstərib ki, yüksək ətraf mühit temperaturu və istilik indeksləri bioloji yaşın artması ilə əlaqəlidir. Üstəlik, istiliyə uzunmüddətli məruz qalma bu təsiri daha da gücləndirir.
Tədqiqatın nəticələrinə əsasən, 180 gün ərzində orta temperaturun cəmi 1°C artması insanın bioloji yaşını 0,04–0,08 il (yəni 14–29 gün) artırır. Bu nəticələr üç fərqli epigenetik "saat" vasitəsilə ölçülüb.
Başqa sözlə, uzun sürən istilər insanın görünməz şəkildə, lakin davamlı olaraq daha tez yaşlanmasına səbəb olur.