İsrail iki hədəfə köklənib: Qəzza silahsızlaşdırılacaq

İsrail iki hədəfə köklənib: Qəzza silahsızlaşdırılacaq
09:34

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə bağlı mövqeyini bir daha sərt şəkildə ifadə edib.

News365.az-ın “LeFigaro.fr”ə istinadən verdiyi məlumata görə, Netanyahu bildirib ki, İsrail hazırda iki əsas hədəfə fokuslanıb: HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın tam silahsızlaşdırılması.

Baş nazirin sözlərinə görə, bu məqsədlərə çatmaq üçün bütün imkanlar səfərbər ediləcək. O, ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələri xatırladaraq, prosesin asan və ya çətin ola biləcəyini, lakin nəticənin dəyişməyəcəyini deyib:

“Bu yol ya rahat, ya da çətin olacaq. Ancaq istənilən halda məqsədimizə çatacağıq”.

Netanyahu qeyd edib ki, Qəzzada hər hansı yenidənqurma layihəsinin həyata keçirilməsi yalnız demilitarizasiya başa çatdıqdan sonra mümkün ola bilər. Onun sözlərinə görə, bu məsələdə güzəşt nəzərdə tutulmur:

“Demilitarizasiya olmadan Qəzzanın bərpası ilə bağlı deyilənlər həqiqətə uyğun deyil. Bu, baş verməyəcək”.

İsrail Baş naziri eyni zamanda Qəzzada Fələstin dövlətinin yaradılması ilə bağlı iddiaları da qətiyyətlə təkzib edib. O vurğulayıb ki, belə bir ssenariyə nə indi, nə də gələcəkdə icazə veriləcək:

“Mən Fələstin dövlətinin yaradılmasının qarşısını dəfələrlə almışam və bu mövqeyim dəyişməyəcək”./// News365.az


Sizin reklam burada
Sizin reklam burada