İnanclara hörmət imandandır- Tural İrfan yazır

İnanclara hörmət imandandır- Tural İrfan yazır
09:53
Xıdır Nəbi, Xızır Nəbi yaxud Xıdırəlləz bayramı qədim inanca görə Xızır və İlyas peyğəmbərlərin dünyada görüşdüyü günlə bağlıdır. Köklü, ənənəvi xalq bayramıdır. Bu bayram Azərbaycan, Türkiyə, İran, Krım, Qaqauziya, Suriya, İraq, Qafqaz və Anadolu, Balkan regionunda qeyd edilir. İslam dinində Xıdır və İlyasın peyğəmbərlər olduğuna inanılır. Qurana görə Musa peyğəmbərlə bir müddət yoldaş olub ona hikmət öyrədən şəxsin də Xıdır olduğu dini mətnlərdə mövcuddur. Hətta onların səfər etdiyi dənizin Xəzər dənizi (Xızır dənizi?) olduğu barədə də mülahizələr var.
Yuxarıda qeyd edilən bu regionlarda bayram 5-6 may tarixlərindən keçirilsə də Azərbaycanda bu bayram fevral ayında keçirilir.
Bu, Azərbaycan xalq təqvimində qışın ən sərt dövrü olan Kiçik çillənin (31 yanvar – 19 fevral) ortasında, adətən fevralın 9-dan 10-na keçən gecə qeyd olunan qədim mövsüm mərasimidir. Xalq inancına və folklor nümunələrinə görə, Xıdır Nəbi (və ya Xızır) darda qalanların köməyinə çatan, təbiəti oyadan və bərəkət gətirən müqəddəs şəxsdir. İslam inancına görə də Xıdır hələ də sağ olan, sağlığında ilahi dərgaha qaldırılan dörd peyğəmbərdən biridir. (İdris, İlyas, Xıdır və İsa).
Bayramın ən məşhur adəti qovrulmuş buğdanın döyülərək yaxud kirkirədə çəkilərək un halına salınması, qovut hazırlanmasıdır. Qovutun üzərinə bal və ya şərbət əlavə edilərək süfrəyə qoyulur. Qadınlar qovutu qablara doldurub bir kənara qoyurlar ki, gecə Xıdır Nəbi gəlib ona əl (və ya barmaq) vursun; inanılır ki, bu, evə bol ruzi gətirir. Bəzən bu gecələrdə Dan atmaq ayini də keçirilir. Səhərə qədər oyaq qalıb dua və xoş niyyətlər edilir...
Bu bayramla bağlı şənliklərdə tonqallar qalanır, uşaqlar qapı-qapı gəzərək pay yığır, bolluq və sağlamlıq duaları oxunur. Xüsusilə Naxçıvan, Tovuz, Qazax, Borçalı və Qərbi Azərbaycan bölgələrində bu günə qədər özünəməxsus təmtəraqla qeyd edilir.
Əsasən qədim türk dinlərindən qalma ayin və inanclara əsaslanan bu bayramda Tanrıçılığın və Şamanizmin elementləri var. Bəzi bölgələrdə dilək ağacları adlanan xüsusi ağaclara parça bağlamaq, od, şam yandırmaq, dövrə vurmaq hələ də qalmaqdadır.
Doğrudur, dini yöndən bu ayin və elementlər xurafat xarakterli mahiyyət daşıya bilər. Amma tolerantlıq ənənələrimizə görə hər kəsin inancına hörmətlə yanaşmaq lazımdır. Ələlxüsus da ki, bu bayramı qeyd edib sözü gedən ənənələri yaşadanlar bu işləri dinə, İslama bağlamırlar. Yəni bu, dinə bidət gətirmək kimi xarakterizə olunmamalıdır. Sadəcə qədim milli adət və ənənədir, dəyərdir.
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada