Ədalət Partiyası mayın 17-də qurultay keçirəcək
News365.az xəbər verir ki, aprelin 19-da Ədalət Partiyasının Ali Məclisinin iclası keçirilib. İclasda partiyanın növbəti – IX Qurultayının mayın 17-də keçirilməsi ilə bağlı yekdil qərar qəbul olunub.
Ali Məclisə hər rayon təşkilatından bir nümayəndə və ötən qurultayda seçilmiş 15 nəfər üzv daxildir. Onlardan 6 nəfəri dünyasını dəyişdiyi üçün rotasiya ilə əvəzlənməyib. Hazırda partiyanın 56 rayon təşkilatı fəaliyyət göstərdiyindən iclasda ümumilikdə 65 nəfər iştirak etmək hüququna malik olub. Onlardan 56 nəfər iclasa qatılıb – 39 nəfər “Zoom” platforması vasitəsilə onlayn, 17 nəfər isə fiziki şəkildə iştirak edib.
İclasda Qurultaya hazırlıq üzrə 11 nəfərlik Təşkilat Komitəsinin yaradılması da qərara alınıb. Komitə yaxın günlərdə ilk iclasını keçirəcək, sədr və müavinlərini seçəcək və Qurultayın təşkili ilə bağlı iş qrafiki müəyyənləşdirəcək.
Bundan əlavə, Ali Məclis partiya daxilində pozuculuq fəaliyyəti ilə məşğul olan şəxslərin hərəkətlərini pisləyən bəyanat qəbul edib. Bəyanatda bu əməllərin Ədalət Partiyasının prinsipləri, mənəvi və siyasi dəyərləri ilə uzlaşmadığı xüsusi vurğulanıb.