"İnsanların ateist olmasının müxtəlif səbəbləri var və bu, fərdi həyat təcrübələrinə, intellektual düşüncə tərzinə, cəmiyyətə, elmə və psixoloji faktorlara əsaslanır. Ateist düşüncə ümumiyyətlə bir neçə istiqamətdən formalaşa bilər."
İlahiyyatçı Hacı Surxay bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bəzi insanlar dünyanı və kainatı yalnız təbii qanunlarla izah edən elmi baxış bucağını mənimsəyir. Onlar Allah anlayışını özlərinə məxsus elmlərilə sübut edə bilmədiyi üçün qəbul etmirlər. Bəzi insanlar dini radikalizmlə, mənəviyyatsız dini liderlərlə və ya radikal dini cəmiyyətlərlə bağlı pis təcrübə yaşadıqdan sonra dini inancı tərk edə bilər. Bu, xüsusilə radikal dini zorlama və ya riyakarlıqla qarşılaşanlarda baş verir. Səbəb isə həqiqətə varmamaq düzgün mövqe seçməməklə bağlıdır. Bəziləri öz daxili suallarına dinin cavab vermədiyini hiss edir. Onlar daha çox azad düşüncəyə üstünlük verərək, insan ağlının və təcrübəsinin dini inancdan üstün olduğunu düşünürlər. Lakin təcrübə göstərir ki, belə hallar daha çox azğınlığa aparır. Ateizm bəzən insanın böyüdüyü mühitdən də təsirlənə bilər. Ailə, təhsil və yaşadığı cəmiyyət ateist düşüncəni təşviq edirsə, insan da buna uyğun formalaşa bilər. Məsələn, Skandinaviya ölkələrində ateistlər daha çoxdur, çünki orada dünyəvi dəyərlər ön plandadır mənəvi dəyərlər isə yox dərəcəsindədir. Ateist düşüncə tarixdə müxtəlif filosoflar tərəfindən formalaşdırılıb. Bu düşüncələr əsasən Allah anlayışına tənqidi yanaşma və insanın öz gücünü ön plana çəkməklə inkişaf edib. Əslində ateizm tək bir səbəblə izah olunmur. İnsanlar fərqli yollarla bu düşüncəyə gəlirlər kimisi düşünərək, kimisi həyat təcrübəsi ilə, kimisi də sadəcə dini inancı mənasız hesab etdiyi üçün bu nəticəyə gəlinir. Nəticədə ateizm puç bir dünya görüşüdür heç bir düşüncə və mövqe tələb etmir yalnızca insanın aldığı travma nəticəsində formalaşır."- deyə fikirlərini bildirib.
News365.az