Avropada kruiz gəmisi ilə bağlı yayılan hadisə hantavirus təhlükəsini yenidən gündəmə gətirib. Rəsmi məlumatlara görə, virusun yaratdığı ağır fəsadlar nəticəsində ölüm halları qeydə alınıb və bu, beynəlxalq səhiyyə qurumlarının diqqətini çəkib.
News365.az-ın məlumatına əsasən, Avropa Dərman Agentliyi (EMA) bildirib ki, hazırda hantavirusa qarşı təsdiqlənmiş peyvənd və ya spesifik antiviral müalicə mövcud deyil. Xəstəliyin müalicəsi əsasən erkən diaqnoz və intensiv dəstəkləyici tibbi yardım üzərində qurulub.
Hadisə “MV Hondius” adlı lüks kruiz gəmisində baş verib. Məlumata görə, gəmidə üç sərnişin hantavirus infeksiyası səbəbindən həyatını itirib. İlk ölüm 11 apreldə 70 yaşlı Niderland vətəndaşında qeydə alınıb. Daha sonra onun həyat yoldaşı və bir alman qadın sərnişinin də eyni səbəbdən vəfat etdiyi bildirilib.
EMA rəsmisi Yasmina Alcazar açıqlamasında qeyd edib ki, hantavirusa qarşı peyvənd və antikor əsaslı müalicələr üzərində tədqiqatlar davam etsə də, bu sahədə işlər hələ ilkin mərhələdədir.
Qurum həmçinin vurğulayıb ki, Covid-19 dövründə istifadə olunmuş bəzi preparatların hantavirus infeksiyalarında effektivliyi elmi cəhətdən tam sübuta yetirilməyib və hər hansı dərmanın geniş tətbiqi yalnız ciddi klinik sınaqlardan sonra mümkündür.
Hantavirusun əsasən gəmiricilər vasitəsilə insanlara keçdiyi bildirilir. Xəstəlik bəzi hallarda ağır tənəffüs çatışmazlığı və ciddi orqan zədələnməsinə səbəb ola bilir.
News365.az