Güclü yağışların vurduğu zərəri kim ÖDƏYƏCƏK?

Güclü yağışların vurduğu zərəri kim ÖDƏYƏCƏK?
14:46

Son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində evləri və obyektləri su basıb. Dəyən zərərlə bağlı məsuliyyət məsələləri yenidən gündəmə gəlib.

News365.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlama verən hüquqşünas Elvin Əliyev bildirib ki, belə hallarda məsuliyyət və zərərin ödənilməsi hadisənin başvermə səbəbindən asılı olaraq müəyyən edilir.

Onun sözlərinə görə, əgər zərər leysan və ya sel kimi təbii fəlakətlər nəticəsində baş veribsə, bu halda kompensasiya əsasən dövlət tərəfindən həyata keçirilən qiymətləndirmə və yardım mexanizmləri çərçivəsində mümkün olur.


Elvin Əliyev, Hüquqşünas

Hüquqşünas qeyd edib ki, əgər zərərin yaranmasına kommunal xidmətlərin, məsələn, yağış sularının axıdılması sistemlərinin nasazlığı, tikinti normalarının pozulması və ya aidiyyəti qurumların səhlənkarlığı səbəb olubsa, bu zaman məsuliyyət həmin qurumların üzərinə düşə bilər:

"Əmlak sığortalanıbsa, zərərin ödənilməsi sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta şirkəti tərəfindən həyata keçirilir".

E.Əliyev bildirib ki, zərərçəkən vətəndaşlar ilk növbədə hadisəni rəsmiləşdirməli və aidiyyəti qurumlara müraciət etməlidirlər. Bundan sonra dövlət qurumları tərəfindən yerində baxış keçirilir, zərərin həcmi aktlaşdırılır və müvafiq ekspertiza əsasında qiymətləndirmə aparılır:

"Araşdırmanın nəticəsinə uyğun olaraq zərərin hansı tərəf tərəfindən ödəniləcəyi müəyyən edilir və qərara əsasən ya dövlət dəstəyi göstərilir, ya məsul qurum tərəfindən ödəniş edilir, ya da sığorta mexanizmi tətbiq olunur".

Hüquqşünas onu da vurğulayıb ki, müvafiq icazə sənədləri olmadan inşa edilmiş və ya tikinti normalarına uyğun olmayan obyektlərdə kompensasiya məsələsi daha mürəkkəbdir. Belə tikililər rəsmi qeydiyyata alınmadığı üçün onların zərərinin ödənilməsi ilə bağlı hüquqi mexanizmlər məhdud olur və əksər hallarda vətəndaşlar zərəri öz hesablarına qarşılamaq məcburiyyətində qalırlar.

Sonda vətəndaşlara tövsiyə olunur ki, daşınmaz əmlaklarını sığortalasınlar və fövqəladə hallarla bağlı müraciətləri gecikdirməsinlər. Bu, zərərin daha operativ və dolğun şəkildə qarşılanmasına imkan yaradır.


Sizin reklam burada
Sizin reklam burada