Ət qiymətlərinin artımında kimlərin rolu var?

Ət qiymətlərinin artımında kimlərin rolu var?
09:04

Azərbaycanda ət bazarında son aylarda müşahidə olunan çaxnaşma həm alıcıları, həm də satıcıları narahat edir. Daxili bazarda artıq Monqolustan, Braziliya, Ukrayna, Qazaxıstan və Belarus mənşəli ətin üstünlük təşkil etməsi təsadüfi deyil. Xarici ətlərin kütləvi şəkildə reklam olunması, bu prosesin eyni dövrə təsadüf edən dabaq  xəstəliyinin yayılması ilə üst-üstə düşməsi əhali arasında yerli məhsula qarşı müəyyən ehtiyatlılıq yaradıb.

Təsir edən digər əsas amil isə qiymət fərqidir. Bazarlarda və iri ticarət şəbəkələrində müşahidə olunan vəziyyət də bunu təsdiqləyir. Yerli qoyun ətinin 22–24 manata satıldığı bir vaxtda, Monqolustan mənşəli qoyun əti 14,5 manatdır. Ukrayna mənşəli mal əti 12–14 manat arasında dəyişir, yağlılığı orta səviyyədə olan dana əti isə təxminən 12,5 manata başa gəlir.

Bu səbəbdən restoranlar, kafelər və hətta toy məclisləri belə getdikcə daha çox idxal ətindən istifadə etməyə başlayıb. Satıcılar bunun “dad fərqi” ilə yox, sırf qiymətlə izah olunduğunu deyirlər.

Mətbuatda isə bir sıra rayonlarda ətin ucuzlaşdığı barədə iddialar səsləndirilir. Deyilənə görə, məsələn, Tovuzda iribuynuzlu heyvan ətinin kiloqramı əvvəl 17 manat idisə, hazırda 15 manata satılır. Quzu ətində də oxşar vəziyyət müşahidə olunur. Belə ki, 20 manata satılan ət hazırda 18 manata təklif olunur. Cəlilabadda da mal əti təxminən 1-1,5 manat ucuzlaşıb. 

Mövzu ilə bağlı danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, adı çəkilən rayonlarda yerli heyvanların ətinin qiymətlərində heç bir dəyişiklik baş verməyib.

"Yayılan məlumatı yoxlamaq üçün həmin rayonlarda yaşayan və ət bazarlarındakı vəziyyəti izləyən tanışlarla əlaqə saxladım. Tovuz rayonundan aldığım məlumata görə, bazarda dana əti 17 manata, inək əti  15,50-16 manata, qoç əti 19 manata, quzu əti isə 20-21 manata təklif olunur. Cəlilabad rayonunda da yerli heyvanların ətinin qiyməti eynidir. Mənə verilən məlumatda o da qeyd olunur ki, rayon və kənd əhalisinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün ətə tələbat aşağı düşüb. 

Nəzərə almaq lazımdır ki, şəhər əhalisi ilə müqayisədə kənd əhalisinin yaşayış səviyyəsi aşağıdır. 
Yerli heyvanların ətinin qiyməti baha olmaqla yanaşı, maya dəyəri də yüksək olur”.

Mütəxəssisin sözlərinə görə, ətin qiymətinin yüksək olması əsasən, yem xərcləri ilə bağlıdır: 

“Mal və qoyun ətinin maya dəyəri daha çox yem qiymətlərindən formalaşır. Hazırda ölkəmizdə yem qiymətləri yüksək olaraq qalır və azalma müşahidə edilmir. Buna görə də yerli heyvan ətinin ucuzlaşması baş vermir”. 

Vahid Məhərrəmov onu da əlavə edib ki, bəzi hallarda ətin ucuzlaşması ilə bağlı yayılan xəbərlər isə manipulyativ xarakter daşıyır:

“Məsələn, əgər ətin qiyməti 1 manat və ya 1 manat 50 qəpik aşağı düşürsə, bu, mətbuatda 2-2 manat 50 qəpik azalma kimi təqdim edilir. Düzdür, müəyyən qədər tələbat azalıb, lakin bu əsasən əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır.

Get-gedə alıcılıq qabiliyyəti aşağı düşür. Dabaq xəstəliyinin yayılması nəticəsində bir çox heyvan tələf olub, bala salıb və ya arıqlayıb. Hazırda xəstəlik əvvəlki qədər geniş yayılmasa da, təsiri hələ də hiss olunur. Biz bu istiqamətdə maarifləndirmə işləri aparmışıq. İnsanlara xəstəliyin onlara da keçə biləcəyini, lakin ölüm hallarının olmadığını izah etmişik”.

Ekspert hesab edir ki, alıcılıq qabiliyyətinin azalması səbəbindən insanlar daha çox tərəvəz məhsullarına, eləcə də ucuz ərzaq məhsullarına, xüsusən də toyuq ətinə üstünlük verirlər:

“Bunun nə qədər davam edəcəyini demək çətindir. Amma təəssüf ki, Yeni il ərəfəsində ətin bahalaşması gözlənilir. Bu isə təklifin azalması ilə bağlıdır. Təklifin azalması, xüsusilə yerli heyvanlarda daha ciddi şəkildə özünü göstərir. Bunun səbəbi həm xəstəlik nəticəsində heyvanların tələf olması, həm də məhsuldarlığın və ümumi heyvan sayının azalmasıdır. Nəticə etibarilə, təklifin azalması ilə Yeni il bayramı ərəfəsində və sonrasında ətin qiymətində artım müşahidə olunacaq”,- deyə V.Məhərrəmov bildirib./// modern


Sizin reklam burada
Sizin reklam burada