Türkiyənin AKP hökumətinə yaxınlığı ilə tanınan və Prezident Rəcəb Tayyib Ərdoğanı xarici səfərlərdə müşayiət edən jurnalist Abdulkadir Selvi ötən gecə CNNTürk efirində belə bir iddia səsləndirdi ki, iyulun sonunda Azərbaycan prezidenti və Ermənistanın baş naziri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda görüşəcəklər.
Son günlərdə bir sıra iddialar yayılıb ki, tərəflər sülh müqaviləsini imzalamağa çox yaxındırlar. Ancaq Azərbaycanın iki əsas tələbi hələ də aktuallığını qoruyur və bu məsələlər öz həllini tapmayıb. Əgər Selvinin irəli sürdüyü iddia doğrudursa və iyulun sonunda Dubayda liderlər arasında görüş baş tutacaqsa, burada sülh sazişinin imzalanacağını gözləmək, məncə, real görünmür.
Bununla belə, Dubay görüşündə tərəflərin ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə müraciət qəbul etməsi mümkündür. Bu addım tərəfləri sülh müqaviləsinə daha da yaxınlaşdıra bilər. Lakin bu müraciətdən sonra Minsk Qrupunun buraxılması üçün müəyyən vaxt tələb olunacaq ,üzv ölkələrin toplanması və yekun qərarın qəbul edilməsi prosesi azı 6-7 ay çəkə bilər.
Növbəti mərhələ Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı irəli sürdüyü tələblə bağlıdır. Bu məsələ gələn il Ermənistanda keçiriləcək parlament seçkiləri zamanı gündəmə gələ bilər. Əgər əvvəllər Azərbaycanın bu tələbi Ermənistan cəmiyyətində gərginlik yarada bilərdisə, indi həmin məsələ artıq ikinci dərəcəlidir.
Hazırda Ermənistanın referendum keçirməsi üçün əsas məsələ kilsənin dövlətdən ayrılmasıdır. Son hadisələr göstərir ki, Ermənistan Apostol Kilsəsi köhnə Ermənistanın sonuncu dayağı kimi qalmaqdadır. Bu dayağı sarsıtmadan yeni Ermənistan qurmaq mümkün deyil. Bu səbəbdən Paşinyan və komandası referenduma "Yeni Ermənistan" ideyası ilə gedəcəklər və əsas vurğu məhz kilsənin dövlətdən ayrılmasına yönəldiləcək. Paşinyan bu addımı haqlı olaraq Ermənistanın müstəqilliyi və suverenliyi naminə vacib bir qərar kimi təqdim edəcək.
Cəmiyyət qarşısında bu seçim qoyulacaq, ya əvvəlki vəziyyətdə qalırıq və regional təcrid davam edir, ya da Konstitusiyanı dəyişdirib, gec də olsa, regional proseslərə qoşularaq inkişaf yoluna çıxırıq. Hər bir halda regionda baş verən proseslər kulminasiya nöqtəsinə yaxınlaşır. Yeni traktatın pərdəsi açıldıqda isə arxasında tamamilə fərqli bir regional mənzərə ilə qarşılaşacağıq.
Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi isə, düşünürəm ki, Qafqaz regionundan kənara çıxmayacaq və tərəflər Tbilisidə bir araya gələrək elə sülh sazişini də burada imzalayacaqlar. Belə olan halda Moskva, Brüssel, Vaşinqton və Ankara arasında həm balans qorunmuş olacaq, həm də Tbilisidə imzalamaqla “Böyük Qafqaz evi” ideyasına əlavə rəng qatılacaq və üç Qafqaz ölkəsinin yeni əməkdaşlıq modelinin əsası qoyulacaq.